7 yanvar 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin sosial-iqtisadi yekunlarına və 2025-ci il üçün qarşıya qoyulan strateji hədəflərə dair ətraflı çıxış etdi. Bu çıxışda dövlət başçısı ölkənin daxili və xarici siyasətində əldə etdiyi nailiyyətləri təhlil edərək, gələcək inkişaf istiqamətlərinə dair mühüm mesajlar verdi.
Prezident İlham Əliyevin nitqi Azərbaycanın möhkəmlənən iqtisadiyyatı, güclənən beynəlxalq mövqeyi və xalqa xidmət etmək istiqamətində aparılan islahatların davamlı olduğunu bir daha göstərdi. Prezident İlham Əliyev çıxışında 2024-cü ilin Azərbaycanın sosial-iqtisadi inkişaf tarixində əlamətdar bir il olduğunu vurğuladı. O, ümumi daxili məhsulun (ÜDM) artım tempinin ölkənin iqtisadi strategiyasının düzgün qurulduğunu nümayiş etdirdiyini bildirdi. Xüsusilə qeyri-neft sektorunda 6%-dən çox artımın əldə olunması Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində ciddi irəliləyişlərin göstəricisi kimi təqdim olundu. Dövlət başçısı qeyd etdi ki, iqtisadi artımın əsasını kənd təsərrüfatı, sənaye, turizm və xidmət sektorları təşkil edib.
Prezident İlham Əliyevin çıxışlarında əsas vurğulanan məqamlardan biri ədalətli dünya nizamının formalaşdırılmasıdır. Ədalət Azərbaycanın beynəlxalq siyasətinin əsasını təşkil edir. Bu nizam dövlətlərin suverenliyinə hörmətin artırılmasını, güclü dövlətlərin zəiflər üzərində hegemonluğunun qarşısının alınmasını və hər bir xalqın öz müqəddəratını sərbəst şəkildə müəyyən etmək hüququnun təmin edilməsini nəzərdə tutur. Azərbaycan, xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra beynəlxalq arenada güclü mövqeyə sahib olub. 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsi, Azərbaycanın hüquqi, hərbi və diplomatik sahələrdə uğurunun nümunəsi olaraq dünya dövlətlərinə ədalətin bərpa olunmasının mümkünlüyünü göstərdi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarların icrası yalnız güclü siyasi iradə və milli həmrəyliklə təmin edilə bilər. Bu, Azərbaycanın dünya səviyyəsində ədalət prinsipini təbliğ edən lider ölkəyə çevrilməsinə xidmət edir.
Azərbaycanın xarici siyasətinin bir digər mühüm istiqaməti iqtisadi diplomatiyadır. Ölkə, enerji resurslarının dünya bazarlarına çatdırılmasında mühüm rola malikdir. Xüsusilə “Cənub Qaz Dəhlizi” kimi strateji enerji layihələri, Azərbaycanı dünya iqtisadiyyatı üçün vacib bir tərəfdaşa çevirmişdir. Bununla yanaşı, Azərbaycanın müxtəlif ölkələrlə ticarət və investisiya əlaqələrini inkişaf etdirməsi, iqtisadi diplomatiyanın daha da gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev daim Azərbaycanın müstəqil xarici siyasətini vurğulayır. Bu siyasət ölkənin mövcud münaqişələrdən və xarici təzyiqlərdən azad olaraq, öz maraqları doğrultusunda fəaliyyət göstərməsinə imkan verir. Azərbaycan beynəlxalq əlaqələrində heç bir ölkənin təzyiqi altında olmadan, yalnız öz dövlət maraqlarını rəhbər tutaraq qərarlar qəbul edir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi