Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınır

Özünün enerjiyə olan tələbatını tam təmin edən Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji lahihələrini uğurlu sonluqla başa çatdıraraq dünyanın enerji xəritəsini yenidən tərtib edir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan alternativ və bərpa olunan enerji potensialı ilə də Avropa məkanında önəmli faktora çevrilir. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayı artır. Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirdiyi görüşdə də müxtəlif istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlar geniş müzakirə edildi.
Dövlət başçısı İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində də Azərbaycanın iqtisadi imkanlarından geniş bəhs etdi. “Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var” söyləyən dövlət başçısı bildirdi ki, hər il regionlara təxminən 30-40 səfər edir və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram: “Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır. Onların daha yaxşı yaşamaları üçün nəyə ehtiyacları var və bu daha yaxşı həyatı necə təmin etmək olar? Müxtəlif alətlər var. İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb.
Bu mühüm məqam da daim önə çəkilir ki, Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Ölkəmizdə sabitliyin və normal iqtisadi mühitin yaradılması qısa müddətdə böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi. Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınır. Bu isə öz növbəsində ölkə iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasına stimul verir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı