Analitika

Azərbaycan bayrağımız dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir

Hər bir ölkənin müstəqilliyinin əsas atributları sayılan dövlət rəmzləri xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan Respublikası da dünya birliyinin tamhüquqlu üzvü kimi müvafiq dövlət rəmzlərinə malikdir. Azərbaycan Respublikasının dövlət rəmzlərindən Azərbaycan Respublikasının Dövlət bayrağıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. 1920-ci il aprelin 27-nə – Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilmişdir.

Hər bir ölkənin müstəqilliyinin əsas atributları sayılan dövlət rəmzləri xüsusi əhəmiyyət daşıyır.Hər bir vətəndaş dövlət rəmzlərimizin məna, mahiyyət və əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin, istiqlalın qədrini daha yaxşı bilir. Azərbaycanda dövlət rəmzlərinin qəbulunun özünəməxsus tarixi vardır.Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir. Azərbaycan Respublikasının Dövlət Bayrağında mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Bu gün Azərbaycan Bayrağı 30 ildir ki, azadlığından məhrum edilərək işğala məruz qalmış, əbədi və əzəli Azərbaycan torpağlarında  dalğalanır. O, tarixi Azərbaycan torpağları ki, ölkə, xalq birliyi, Cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun yüksək döyüş bacarığı, cəsur, qəhrəman Azərbaycan oğlunun canı və qanı bahasına cəmi 44 gün ərzində öz azadlığına qovuşaraq qalibiyyət əldə etdi. Və bu gün şanlı  bayrağımız məhz Xankəndində ,Şuşada, Ağdamda, Fizulidə, Cəbrayılda və ümumən Qarabağda dalğalanır. Bir xalq olaraq bundan böyük sevinc ola bilməz.

Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.

Mətanət Cəfərova,
YAP- ın fəalı

Oxşar Xəbərlər

Back to top button