
2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş iki tərəf arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanat həm Azərbaycan–Avropa İttifaqı əlaqələrinin mövcud vəziyyətini, həm də gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər göstərir ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu əməkdaşlıq getdikcə daha geniş sahələri əhatə edir.
Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı Şurasının Prezidentinin səfərinə xüsusi önəm verildiyini vurğulayaraq qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında çox fəal siyasi dialoq mövcuddur. Son dövrlərdə Avropa Komissiyasının üzvlərinin Azərbaycana çoxsaylı səfərləri də bu dialoqun intensiv xarakter aldığını təsdiqləyir. Bu fakt onu göstərir ki, tərəflər müxtəlif səviyyələrdə əməkdaşlığı genişləndirmək və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı daha da gücləndirmək niyyətindədirlər.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, bu ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin 50 faizi məhz Avropa İttifaqı ilə bağlı olub. Bu göstərici Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bir daha təsdiqləyir. Hətta ötən il bu göstərici müəyyən qədər aşağı olsa da, ümumi tendensiya tərəflər arasında iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etdiyini göstərir. Azərbaycanın Avropa bazarları ilə sıx iqtisadi inteqrasiyası həm ölkənin ixrac potensialının genişlənməsinə, həm də Avropa şirkətləri üçün regionda yeni imkanların yaranmasına şərait yaradır.
Bununla yanaşı, Prezident İlham Əliyev qarşılıqlı investisiya imkanlarının da genişləndiyini xüsusi vurğulayıb. Dövlət başçısının sözlərinə görə, yeni layihələr və investisiya imkanları sayəsində sərmayələrin iki istiqamətdə yatırılması gözlənilir. Bu gün Azərbaycan yalnız xarici investisiyaları qəbul edən ölkə deyil, eyni zamanda Avropa iqtisadi məkanında fəal investor kimi çıxış edir. Azərbaycanın Avropada həyata keçirdiyi investisiya layihələri ölkənin maliyyə və iqtisadi potensialının artdığını, həmçinin Azərbaycan biznesinin beynəlxalq səviyyədə genişlənmək imkanına malik olduğunu göstərir. Bu tendensiya gələcək illərdə ticarət dövriyyəsinin daha da artmasına və iqtisadi tərəfdaşlığın dərinləşməsinə səbəb olacaq.
Azərbaycan–Avropa İttifaqı münasibətlərində xüsusi əhəmiyyət daşıyan sahələrdən biri enerji əməkdaşlığıdır. Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, tərəfdaşlığın mühüm hissəsi hər zaman enerji sahəsi olub, bu gün də belədir və gələcəkdə də bu istiqamət prioritet olaraq qalacaq. Xüsusilə 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədin imzalanması bu əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına səbəb olub. Həmin sənəd Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın strateji mahiyyətini daha da gücləndirir. Son illərdə Azərbaycanın Avropaya qaz ixracı həm həcmi, həm də coğrafiyası baxımından əhəmiyyətli dərəcədə genişlənib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır və ümumilikdə Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb. Bu göstərici Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunun nə qədər gücləndiyini göstərir. Dövlət başçısının sözlərinə görə, bu nəticəyə görə Azərbaycan boru kəmərləri vasitəsilə qaz təchizatı həyata keçirən ölkələr arasında aparıcı mövqedə qərarlaşıb.
Azərbaycan qazının 16 ölkəyə çatdırılması təkcə iqtisadi uğur deyil, həm də mühüm geosiyasi əhəmiyyət daşıyır. Bu gün bir çox ölkənin enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır. Xüsusilə Avropa bazarı Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edir və bu bazar gələcək artım üçün böyük potensiala malikdir. Bu isə o deməkdir ki, Avropa ilə enerji sahəsində əməkdaşlıq qarşıdakı illərdə daha da genişlənəcək.
Prezident İlham Əliyev qeyd edib ki, bu ayın əvvəlində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirilib və həmin tədbirə Azərbaycan ilə Avropa Komissiyası birgə ev sahibliyi edib. Bu platforma enerji sahəsində tərəfdaşlığın koordinasiyası və yeni layihələrin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin toplantı zamanı dövlət başçısı bildirib ki, Azərbaycan yaxın illərdə qaz hasilatını artırmağı planlaşdırır. Yeni yataqlardan qaz hasilatına başlanması nəticəsində növbəti iki və ya üç il ərzində Azərbaycanın mövcud həcmdən minimum 10 milyard kubmetr əlavə qaz istehsal etmək potensialı formalaşacaq.
Bu perspektivlər Avropa İttifaqı ilə enerji əməkdaşlığının daha da güclənəcəyini göstərir. Azərbaycanın enerji resursları və geniş infrastruktur imkanları Avropa üçün sabit və etibarlı enerji təchizatının təmin olunmasına mühüm töhfə verir. Eyni zamanda tərəflər təkcə ənənəvi enerji sahəsində deyil, həm də bərpa olunan enerji və “yaşıl enerji” layihələri üzrə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər.
Prezident İlham Əliyevin Antonio Koştanın səfəri zamanı verdiyi bəyanat göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulub. Bu əməkdaşlıq təkcə iqtisadi və enerji sahələri ilə məhdudlaşmır, eyni zamanda siyasi dialoq, regional təhlükəsizlik və dayanıqlı inkişaf kimi məsələləri də əhatə edir. Azərbaycanın Avropa ilə əməkdaşlıq siyasəti balanslı xarici siyasət kursunun mühüm tərkib hissəsidir və bu siyasət ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. İkitərəfli dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və enerji əməkdaşlığının strateji səviyyədə inkişafı tərəflər arasında tərəfdaşlığın uzunmüddətli və davamlı xarakter daşıdığını nümayiş etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Avropa İttifaqı gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirəcək və bu əməkdaşlıq həm regionun sabitliyinə, həm də qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
İslam Bafadarov,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



