
“XXI əsrin ikinci yarısına doğru dünya nizamı sürətlə transformasiya olunur. Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən böhranlar, enerji bazarlarında qeyri-sabitlik və ABŞ-Çin rəqabətinin dərinləşməsi beynəlxalq münasibətlər sistemini çoxqütblü modelə yaxınlaşdırır. Belə şəraitdə regional güclərin rolu artır, geosiyasi sabitlik isə yalnız hərbi güclə deyil, nəqliyyat, enerji, rəqəmsal infrastruktur və diplomatik çevikliklə müəyyən edilir. Bu kimi məsələlərin müzakirəsi baxımdan 53 ölkədən 160 qonağın, o cümlədən 30 xəbər agentliyinin nümayəndələrinin, 60-dan artıq media qurumunun, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilatın iştirak etdiyi IV Şuşa Qlobal Media Forumu xüsusi platforma oldu”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev 3 saata yaxıb bir müddətdə dünyanın müxtəlif regionlarından və ölkələrindən gəlmiş media nümayəndələrinin suallarını cavablandırıb, qlobal, regional problemlərə Azərbaycanın mövqeyi kontekstində cavab verib: “Sualların və cavabların təhlili onu göstərir ki, Cənubi Qafqaz son illərdə Avrasiyanın əsas geosiyasi qovşaqlarından birinə çevrilib. Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən Orta Dəhliz, Şimal-Cənub nəqliyyat marşrutu və enerji ixracı Azərbaycanın strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Xüsusilə, Qırmızı dəniz və Hörmüz boğazında yaranan təhlükəsizlik riskləri quru logistikasının əhəmiyyətini artıraraq Azərbaycanı beynəlxalq yükdaşımaların əsas tranzit mərkəzlərindən biri kimi ön plana çıxarır. Enerji təhlükəsizliyi də bu proseslərin mühüm komponentidir. Avropanın alternativ enerji mənbələrinə ehtiyacının artması fonunda Azərbaycan həm təbii qaz ixracını genişləndirir, həm də yaşıl enerji layihələrinə investisiyalarını sürətləndirir. Bu yanaşma ölkənin enerji diplomatiyasını klassik ixrac modelindən regional enerji təhlükəsizliyinin təminatçısı statusuna yüksəldir. Digər mühüm istiqamət rəqəmsal transformasiya və süni intellektdir. Müasir dövlətlərin rəqabət qabiliyyəti artıq yalnız iqtisadi göstəricilərlə deyil, rəqəmsal infrastrukturun inkişafı, məlumat təhlükəsizliyi və innovasiya potensialı ilə qiymətləndirilir. Bu baxımdan Azərbaycanın rəqəmsal idarəetmə və texnoloji modernləşmə istiqamətində atdığı addımlar uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilir”.
“Qlobal siyasətdə “orta güc” anlayışı da yeni məna qazanır və bu kateqoriyaya daxil olan dövlətlər yalnız iqtisadi-hərbi imkanlarına görə deyil, regional sabitliyə təsir göstərmək, vasitəçilik missiyasını yerinə yetirmək və çoxtərəfli əməkdaşlıq platformaları yaratmaq bacarığı ilə seçilirlər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanın COP29, Qoşulmama Hərəkatı və beynəlxalq media platformalarına ev sahibliyi etməsi ölkənin diplomatik nüfuzunun genişləndiyini nümayiş etdirir: “Bununla yanaşı, informasiya mühiti də geosiyasi rəqabətin əsas meydanlarından birinə çevrilib. Süni intellekt, dezinformasiya və sosial media platformalarının təsiri informasiya təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevirir. Bu səbəbdən media institutlarının peşəkarlığı, faktlara əsaslanan jurnalistika və beynəlxalq informasiya əməkdaşlığı gələcək dövrdə daha böyük əhəmiyyət daşıyacaq”.
Ramil Vəlibəyov qeyd edib ki, dünya yeni geosiyasi reallıqlar dövrünə daxil olur: “Bu reallıqda üstünlük yalnız böyük dövlətlərə deyil, çevik xarici siyasət yürüdən, etibarlı tərəfdaş imici formalaşdıran və iqtisadi-logistik imkanlarını səmərəli idarə edən ölkələrə məxsus olacaq. Azərbaycanın enerji, nəqliyyat, diplomatiya və rəqəmsal inkişaf sahələrində formalaşdırdığı strateji xətt ölkənin regional liderlik mövqeyini gücləndirməklə yanaşı, onu Avrasiyanın gələcək geosiyasi arxitekturasının mühüm iştirakçılarından birinə çevirir. Bu tendensiyanın qorunması üçün institusional islahatların davam etdirilməsi, yüksək texnologiyalara investisiyaların artırılması və çoxtərəfli diplomatik əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər olaraq qalacaq”.



