Azərbaycan neft və qaz sahəsində olduğu kimi, bərpaolunan enerji nöqteyi-nəzərindən də zəngin ölkədir. Ən böyük neft və qaz yatağının yerləşdiyi Xəzər dənizi külək enerji potensialı sahəsində dünyanın ən zəngin bölgəsidir. İqlim müzakirələrində ən çox istifadə olunan ifadələrdən biri miqyasdır. Çünki hər yerdə Günəş və külək enerjisi var, ancaq keyfiyyətli bərpaolunan enerjinin böyük miqyasda tapıldığı sahələr azdır və Xəzər dənizinin Azərbaycan sektoru bunlardan biridir. Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük. Bu ölkə yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycanın “yaşıl enerji” gündəliyi ilə bağlı məsələlər Energetika Nazirliyində keçirilən tədbirdə də diqqət mərkəzində olub. Tədbirdə “yaşıl enerji” layihələri üzrə həyata keçirilən işlər, bu istiqamətdə yerli və xarici investorlarla nəzərdə tutulan planlar barədə geniş müzakirələr aparılıb. Dövlət başçısının “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində görülən işlərə uyğun olaraq, ölkəmizin mövcud “yaşıl enerji” güclərinin artırılmasında mühüm nəticələr əldə olunub.
Sahil Əliyev,
YAP-ın gənc fəalı