GündəmAnalitikaSiyasət

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq Xartiyası və regional reallıqlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər təkcə diplomatik protokol hadisəsi deyil, həm də regional və qlobal miqyasda mühüm siyasi və iqtisadi mesajlar daşıyan strateji hadisə kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Tramp administrasiyasının Azərbaycana müsbət münasibəti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması altı aylıq intensiv danışıqların və siyasi iradənin nəticəsidir. Vaşinqtonda keçirilmiş görüş və yaradılmış işçi qrupu iki ölkə arasında əməkdaşlığın sistemli və institusional əsaslara söykənməsinə zəmin yaradıb. Bu isə münasibətlərin təsadüfi deyil, planlı və uzunmüddətli xarakter daşıdığını göstərir.

Xartiyanın imzalanması Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda baş verir. Prezidentin vurğuladığı kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və artıq altı aydır davam edən sülh şəraiti regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. ABŞ-nin bu prosesə verdiyi dəstək və Ağ Evdə əldə olunmuş razılaşmalar Vaşinqtonun regionda konstruktiv rol oynamaq niyyətini nümayiş etdirir.

Sülhün möhkəmləndirilməsi yalnız siyasi deyil, həm də iqtisadi və nəqliyyat layihələri vasitəsilə təmin olunur. Bu kontekstdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”-(TRIPP) layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə yanaşı, Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz dəhliz rolunu oynayacaq. Bu təşəbbüs regionun tranzit və logistika potensialını artırmaqla yanaşı, qarşılıqlı asılılıq mühitini gücləndirərək sülhü daha dayanıqlı edə bilər.

Azərbaycanın enerji sahəsində artan rolu Strateji Tərəfdaşlıq Xartiyasında xüsusi yer tutur. Bu gün Azərbaycan 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir ki, onların da əksəriyyəti NATO üzvü və ABŞ-ın müttəfiqidir. Bu fakt Azərbaycanın yalnız regional deyil, Avro-Atlantik məkan üçün də strateji tərəfdaş olduğunu göstərir.

Xartiyada neft, qaz və elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi, interkonnektor layihələrinin təşviqi və təchizat marşrutlarının şaxələndirilməsi nəzərdə tutulur. Eyni zamanda, mülki nüvə əməkdaşlığı və kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara çıxışı kimi məsələlər də gündəmdədir. Bu isə əməkdaşlığın təkcə ənənəvi enerji ilə məhdudlaşmadığını, yeni enerji və resurs təhlükəsizliyi anlayışını əhatə etdiyini göstərir.

Strateji Tərəfdaşlıq Xartiyasının diqqətçəkən istiqamətlərindən biri süni intellekt (AI) və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıqdır. Azərbaycanın qlobal iqtisadiyyata daha dərin inteqrasiyası və Xəzər regionunda data, logistika və texnologiya mərkəzinə çevrilməsi hədəfi ABŞ ilə birgə təşəbbüslərlə dəstəklənir.

Süni intellekt (AI) data mərkəzlərinin yaradılması, tədqiqat və inkişaf (R&D) mexanizmlərinin formalaşdırılması, kibertəhlükəsizlik sahəsində bacarıqların artırılması və özəl sektorun prosesə cəlb olunması iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verə bilər. Bu istiqamət, xüsusilə gənc və texnoloji potensialı yüksək olan Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.

Xartiyanın digər mühüm tərəfi təhlükəsizlik əməkdaşlığıdır. Müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığının genişləndirilməsi, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində birgə fəaliyyət iki ölkənin ortaq təhlükəsizlik maraqlarını əks etdirir.

Eyni zamanda, humanitar minatəmizləmə sahəsində maliyyə və texnoloji dəstək məsələsi Azərbaycanın post-münaqişə dövründə üzləşdiyi çağırışların həllində mühüm rol oynaya bilər. Bu, əməkdaşlığın yalnız geosiyasi deyil, həm də humanitar ölçüsünü ortaya qoyur.

İmzalanmış Xartiya çərçivəsində müxtəlif sahələr üzrə İşçi Qruplarının yaradılması və üç ay ərzində konkret layihələr üzrə yol xəritələrinin hazırlanması nəzərdə tutulur. Bu isə sənədin formal bəyanat deyil, praktik icra mexanizmlərinə malik strateji yol xəritəsi olduğunu göstərir.

Prezidentimizin ifadə etdiyi kimi, Vitse-prezident Vensin səfəri tarixi xarakter daşıyır. Çünki bu səfər yalnız imzalanmış sənədlərlə deyil, həm də Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən siyasi iradə ilə yadda qalır.

Bütün bunlar göstərir ki, Azərbaycan–ABŞ münasibətləri artıq klassik diplomatik əməkdaşlıq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, rəqəmsal və təhlükəsizlik sahələrində qurulan bu yeni model regionda sabitliyin möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinə xidmət edə bilər.

Vahid Süleymanov,
SOCAR Neft Kəmərləri İdarəsinin əməkdaşı, YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button