
Victorytime.az BAKU.WS -a istinadən xəbər verir ki, uşaqlar üçün hazırlanmış rəngarəng və ilhamverici “Arzulardakı mavi təyyarə” (“Blue Plane Dreams”) kitabı nəşr olunub.
Kitab AZAL-ın sifarişi ilə “TEAS Press” Nəşriyyat Evi tərəfindən hazırlanıb. Kitabın nəşr olunması 7 dekabr – Beynəlxalq Mülki Aviasiya Gününə həsr edilib.
Azərbaycan və ingilis dillərində çap edilən kitab AZAL-ın kiçik sərnişinlərinə uçuşlar zamanı hədiyyə olunacaq.
Təqdimat mərasimində çıxış edən AZAL-ın vitse-prezidenti İlham Əmirov layihənin gələcək mülki aviasiya kadrlarının formalaşmasında əhəmiyyətli rol oynayacağını qeyd edib.
Kitabın müəllifi uşaqların sevimli yazıçısı Mürşüd İsmayılzadədir. Hekayənin mərkəzində səkkizyaşlı Azər dayanır. Uzun illər AZAL-da pilot kimi çalışmış babası ona ad günündə xüsusi hədiyyə verir. Bu hədiyyə nəsilləri birləşdirən, peşəyə sevgini simvolizə edən və Azərin arzusuna doğru ilk addımına təkan verən təyyarə modelidir. Azərin böyük qardaşı Milli Aviasiya Akademiyasının tələbəsi Murad modeli yığmaqda ona kömək edir.
Kitabda həmçinin təyyarələrin necə işlədiyini izah edən və ümumilikdə aviasiya haqqında maraqlı faktlar yer alır. Uşaqlar kitab sayəsində öyrənəcəklər ki, təyyarələrin quruluşu quşlardan, ultrasəs dalğalarını əks etdirməsi yarasalardan və quyruq hissəsinin konstruksiyası isə balıqlardan ilhamlanaraq hazırlanıb.
Azər üçün həmin il xüsusi əhəmiyyət daşıyır: o, çox istədiyi hədiyyəni almaqla yanaşı, ilk dəfə səyahətə çıxır. Bakıdan Qarabağa uçuş onda unudulmaz təəssüratlar yaradır və gələcəkdə pilot olmaq arzusunu daha da möhkəmləndirir.
“Arzulardakı mavi təyyarə” layihəsi AZAL-ın uşaqlar arasında aviasiyaya marağı artırmaq, onları maarifləndirmək və gələcək nəsil üçün yeni imkanlar yaratmaq məqsədi daşıyan təşəbbüslərinin tərkib hissəsidir.



