“Prezident İlham Əliyev 2024-cü il 4 oktyabr tarixində Cəbrayıl şəhərində etdiyi çıxışla İkinci Qarabağ müharibəsində Azərbaycanın zəfəri və Cəbrayılın azad olunmasının əhəmiyyətini bir daha vurğulayıb. Cəbrayıl şəhərinin azad edilməsi yalnız hərbi cəhətdən deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyıb. Bu əməliyyat Ermənistan ordusunun müharibənin ilk günlərində aldığı böyük zərbə olub və Azərbaycan xalqının ruh yüksəkliyi verib”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Cəbrayılın inkişafı ilə bağlı infrastruktur layihələrinin dərhal icrasına başlanılıb. Azad edilmiş torpaqlarda görülən genişmiqyaslı bərpa işləri, Azərbaycanın gücünü və qətiyyətini nümayiş etdirir. Bütün şəhər və kəndlərdə infrastruktur layihələri dəqiqliklə planlaşdırılıb və həyata keçirilməkdədir. Dövlət başçımız həmçinin Azərbaycanın keçmiş köçkünlərə olan qayğısını da xüsusi qeyd edərək, Cəbrayılda inşa edilən çoxmənzilli binaların onların həyat şəraitini yaxşılaşdırmağa yönəldildiyini vurğulayı. Bu binalar dövlətin keçmiş köçkünlərin normal yaşayış şəraitini təmin etmək üçün göstərdiyi səylərin bir göstəricisidir.
“Prezident çıxışında Ermənistanın 30 illik işğal dövründə törətdiyi dağıntılardan bəhs edərək, bu ərazilərin yalnız Azərbaycan xalqına məxsus olduğunu və işğalçıların bu torpaqları dağıtmaqla Azərbaycan xalqının iradəsini qıra bilmədiklərini vurğulayıb. O, Qərb dövlətlərinə də mesaj verərək, bu müharibə zamanı Azərbaycana qarşı tətbiq edilməyən sanksiyaları xatırladıb və Ermənistanın törətdiyi hərbi cinayətlərə heç bir sanksiya qoyulmadığını bildirib”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın gələcək inkişafı ilə bağlı əzmkarlığını bir daha vurğulayaraq, heç bir xarici təzyiqin və yalançı vədlərin Azərbaycan xalqını öz yolundan döndərə bilməyəcəyini bildirib. O, Azərbaycanın öz torpaqlarında yaşayacağını və Böyük Qayıdış Proqramını uğurla həyata keçirəcəyini bəyan edib.
Onun sözlərinə görə, Cəbrayılın azad olunmasının ildönümündə Prezident İlham Əliyev Azərbaycanın güclü iradəsini və bölgədəki sabitliyin qorunması üçün gördüyü tədbirləri bir daha təsdiq edib. Azərbaycanın azad edilmiş torpaqlarında dalğalanan bayraq xalqımızın qüruru və müstəqilliyimizin əbədi simvolu olaraq qalacaq.