Prezident İlham Əliyevin son illər Mərkəzi Asiya ölkələrinə və həmin dövlətlərin rəhbərlərinin ölkəmizə səfərləri əlaqələrimizin genişlənməsini və strateji müstəviyə keçməsini şərtləndirir. Dövlətimizin başçısı bununla bağlı qeyd edib ki, “mənim səfərlərim və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar”. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Tacikistan Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə mühüm hadisədir və bu dövlət səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq. Ölkəmiz qardaş Mərkəzi Asiya dövlətləri ilə ortaq kommunikasiya dəhlizləri layihələrini icra edir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan artıq uzun müddətdir ki, bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edirlər. Hazırda Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyi bütün sahələrdə, o cümlədən beynəlxalq yükdaşımalarda əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. Azərbaycan bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Belə ki, Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu müasirləşdirir. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər, eyni zamanda Bakı Dəniz Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tonadək artırılır. Xəzərdə 50-dən çox gəmidən ibarət ən iri ticarət donanmasına malik olan Azərbaycan Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi istiqamətində fəal çalışır. Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi və təhlükəsizlik məsələləri ilə də bağlıdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıq yaradıb. Dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantına çevrilib, irəli sürdüyü təşəbbüslərlə bir çox ölkənin, eləcə də daha böyük mənada Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağını artırır. Ölkəmizin, eyni zamanda etibarlı tərəfdaş, dost ölkələrlə əməkdaşlığa açıq olması da burada mühüm rola malikdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, gələcəkdə Zəngəzur dəhlizinin reallaşması ölkəmizi mühüm nəqliyyat qovşağına çevirir. Prezident İlham Əliyevin apardığı davamlı və uzun müddətə hesablanmış siyasət nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika imkanları yaradılıb və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bu gün Çindən, Mərkəzi Asiyadan Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımaları ölkəmizin ərazisindən keçir ki, bu da Azərbaycana marağı artırır. Azərbaycanın Şərq-Qərb dəhlizinin inkişafındakı fəaliyyəti və yaratdığı kommunikasiya imkanları onun aparıcı beynəlxalq aktor kimi mövqeyini möhkəmləndirib. Vətən müharibəsində qazanılan Qələbə və Avropanı enerji təhlükəsizliyinin təmin olunmasında oynadığımız rol ölkəmizə olan etimadı daha da artırıb. Buna görə də, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə çoxalır.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı