Avropa üçün Azərbaycan etibarlı tərəfdaşdır
Azərbaycan dünyanın müxtəlif qütblərində qərar tutan dövlətlərlə qurduğu ikitərəfli sıx əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur.
Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Mart ayının 1-də Bakıda “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiya keçirilmişdir. Keçirilən sessiyada Məşvərət Şurasının 10 illik yubileyi və qlobal enerji keçidinə liderliyin Azərbaycana həvalə olunduğu, COP29 ərəfəsində keçirilməsi çox əlamətdar hadisədir. Məşvərət Şurası enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla inteqrasiya etməklə yeni dövrə ədalətli enerji keçidini təşviq edən platforma kimi daxil olur. Cənub Qaz Dəhlizinin inkişafı və qaz tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təchiz edilməsi region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələlərdəndir.
Məhz, keçirilən 9-cu toplantıdan qazanılan uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman inamla addımlayır. Cənab İlham Əliyev qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaq. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq. Ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaq. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaq. Bununla yanaşı, “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlar var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.
Azərbaycanın nefti, qazı Avropa üçün çox əhəmiyyətlidir. Ona görə ki, Avropa üçün Azərbaycan etibarlı tərəfdaşdır. Məhz bunun nəticəsidir ki digər ölkələrlə əməkdaşlığımız genişlənir və gələcəkdə daha da genişlənəcəkdir.
Tünzalə Əliyeva,
YAP nizami rayon təşkilatının məsləhətçisi.