Avropa İttifaqının müxtəlif qurumları tərəfindən Azərbaycana qarşı əsassız iddialara və təzyiq cəhdlərinə son qoyulmalıdır
“Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində keçirilən görüşlər ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, işğaldan azad olunmuş ərazilərimizin bərpası və Avropanın dəstəyi baxımından çox böyük əhəmiyyət daşıyırdı. Azərbaycan sülhsevər ölkədir, qonşu ölkələr, başqa bölgələrlə sülh gündəliyini təşviq edir. Azərbaycan bundan sonra da öz xarici siyasətini bu prinsiplər və parametrlər əsasında quracaq və inkişaf etdirəcək. Prezident İlham Əliyevlə görüşlərlə bağlı müraciətlər də Azərbaycanın qlobal səviyyədə artan nüfuzu və hörmətinin, xüsusilə Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir. Münxen Təhlükəsizlik Konfransı beynəlxalq arenada Azərbaycanın yeri və çəkisini də nümayiş etdirib”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Münxen şəhərində siyasi əlaqələrlə yanaşı enerji təhlükəsizliyi, ticarət və iqtisadiyyatın digər sahələri üzrə müzakirələr aparıldı. Prezident Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşdə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib. Mixael Harmsın Prezident İlham Əliyevlə Münxendə keçirdiyi görüş fevralın 28-də Bakıda davam etdirildi. Görüşdə Almaniya-Azərbaycan iqtisadi-siyasi əlaqələri ilə yanaşı, Azərbaycan–Avropa əlaqələrinə də münasibət bildirildi. Ölkə Prezidenti Azərbaycan–Almaniya münasibətlərində qarşılıqlı iqtisadi maraqların həmişə üstünlük təşkil etdiyini və Fransadan fərqli olaraq Almaniyanın bölgəmizdəki siyasi proseslərə təmkinli və balanslı yanaşdığını qeyd edib. Dövlətimizin başçısı son 30 il ərzində bölgəmizdə baş verən hadisələr, torpaqlarımızın işğalı, uzun illər ərzində işğal faktına Avropa İttifaqının biganə və qərəzli münasibəti haqqında nümayəndə heyətinə məlumat verib.
Onun sözlərinə görə, Şərq Komitəsinin sədri ilə görüşdə Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlər Almaniya–Azərbaycan münasibətləri çərçivəsindən daha geniş mövzuları əhatə etməklə əslində Avropa İttifaqının bəzi institutlarından ölkəmizə qarşı yönələn təzyiqlərə cavabı özündə əks etdirdi. Dövlətimizin başçısının çıxışında Avropa-Azərbaycan münasibətlərində mübahisəli məsələlərlə bağlı dövlətimizin mövqeyi haqqında açıq və aydın mesajlar verildi. Prezident İlham Əliyevin mesajlarından çıxan və çıxarılmalı olan nəticə isə ondan ibarətdir ki, qarşılıqlı münasibətlərin faydalı və işgüzar məcraya yönləndirilməsi üçün Avropa İttifaqının müxtəlif qurumları tərəfindən Azərbaycana qarşı əsassız iddialara və təzyiq cəhdlərinə son qoyulmalıdır.