“Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu sahədə ən uca zirvələri fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirən, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən Türk şeirinə misilsiz xidmətlər göstərib. O bir sıra görkəmli aşıqlardan dərs alıb, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. Aşıq Ələsgər demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük izlər buraxıb”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, 1972-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilib və yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılıb: “2021-ci ildə isə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanıb. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. İkinci Sərəncamda isə onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulub ki, sentyabrın 30-da həmin abidənin açılışı olub. Heç şübhəsiz ki, Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin ucaldılması onun xatirəsinə olan hörmətin, aşıq sənətinə olan diqqətin və tarixi Qərbi Azərbaycan torpaqlarına bağlılığın göstəricisidir. Çünki Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb, yaradıb, lakin ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Onun 97 yaşı olarkən, 1918-ci ildə erməni vandalları azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Bu isə XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası kimi tarixə düşüb. Həmin hadisələrdən sonra Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcər rayonuna, daha sonra isə Tərtərə köçüb. Amma bütün təhlükələrə baxmayaraq, o, təqribən 3 ildən sonra öz doğma Ağkilsə kəndinə qayıdıb və 1926-cı ildə vəfat edib”.
“Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan xalqının tarixi abidələrinin, görkəmli şəxsiyyətlərin büstlərinin, eləcə də məscidlərin, sarayların, qəbiristanlıqların erməni vandalları tərəfindən dağıdılması hər kəsə bəllidir və çox təəssüflər olsun ki, əsrlər boyu dünyanın gözü qarşısında xalqımıza qarşı bu cür vəhşiliklər törədilsə də, susqunluqla müşahidə edilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, erməni vandalları azərbaycanlıların üçüncü dəfə Qərbi Azərbaycan torpaqlarından deportasiyası zamanı Aşıq Ələsgərin Ağkilsədəki abidəsini də dağıdıblar: “Prezident İlham Əliyevin Aşıq Ələsgərin Bakıda abidəsinin açılışı zamanı çıxışında bildirdiyi kimi, gün gələcək Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsi də bərpa ediləcək, Ağkilsə kəndində də açılış mərasimi keçiriləcək. Şübhə yoxdur ki, bir əsr ərzində 3 dəfə etnik təmizləməyə və deportasiyaya məruz qalmış xalqımız tarixi Qərbi Azərbaycan torpaqlarına da böyük qayıdış günlərini yaşayacaq. Necə ki, bu gün Azərbaycan xalqının əyilməz ruhu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görünür”.