Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu sahədə ən uca zirvələri fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirən, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən Türk şeirinə misilsiz xidmətlər göstərib. O bir sıra görkəmli aşıqlardan dərs alıb, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. Aşıq Ələsgər demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük izlər buraxıb.
1972-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilib və yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılıb: “2021-ci ildə isə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanıb. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. İkinci Sərəncamda isə onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulub ki, sentyabrın 30-da həmin abidənin açılışı olub. Heç şübhəsiz ki, Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin ucaldılması onun xatirəsinə olan hörmətin, aşıq sənətinə olan diqqətin və tarixi Qərbi Azərbaycan torpaqlarına bağlılığın göstəricisidir. Çünki Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb, yaradıb, lakin ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Onun 97 yaşı olarkən, 1918-ci ildə erməni vandalları azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Bu isə XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası kimi tarixə düşüb. Həmin hadisələrdən sonra Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcər rayonuna, daha sonra isə Tərtərə köçüb. Amma bütün təhlükələrə baxmayaraq, o, təqribən 3 ildən sonra öz doğma Ağkilsə kəndinə qayıdıb və 1926-cı ildə vəfat edib”.
Aşıq Ələsgərin abidəsinin açılışının Qərbi Azərbaycan mədəniyyətinin bərpası üçün rəmzi məna kəsb edir. Bu abidə yalnız bir sənətkarın irsini deyil, həm də bütün bir xalqın mədəniyyətini və onun keçmişini simvolizə etmişdir. Prezident İlham Əliyev gələcəkdə Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidələrinin bərpa ediləcəyini, eyni zamanda Ağkilsə kəndində bu cür mərasimlərin keçirilməsinin mümkünlüyünü vurğulamışdır. Beləliklə onu demək mümkündür ki, Aşıq Ələsgərin abidəsinin açılışı yalnız bir mədəni tədbir olaraq deyil, həm də milli birliyin güclənməsi və mədəniyyətimizin bərpası baxımından müstəsna əhəmiyyət kəsb edən bir hadisədir.
Həsənova Səbinə,
YAP-ın fəalı