Analitika

Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq

Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır. Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. İşğaldan qabaqkı son illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmişdir.

Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi, çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuşdu. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər.  Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olunub. Prezident İlham Əliyevin bu yaxınlarda səfəri zamanı  Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.

Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib.Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button