AnalitikaGündəmSiyasət

Amnistiyanın “Konstitusiya və Suverenlik İli” ilə əlaqələndirilməsi xüsusi rəmzi məna daşıyır

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətçiliyinin humanist dəyərlərə, hüququn aliliyinə və ictimai barışa verdiyi önəmin bariz nümunəsidir. Bu təşəbbüs ölkənin hüquqi-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Konstitusiyanın prinsiplərinin real həyatda tətbiqinin, insan hüquq və azadlıqlarına hörmətin təzahürü kimi qiymətləndirilir.“Konstitusiya və Suverenlik İli”nin elan edilməsi müstəqil Azərbaycanın hüquqi dövlət kimi keçdiyi yolun, suverenliyin bərpası və möhkəmləndirilməsi istiqamətində əldə olunan tarixi nailiyyətlərin ümumiləşdirilməsi məqsədi daşıyır. Məhz belə bir əlamətdar ildə amnistiya təşəbbüsü ilə çıxış edilməsi hüquq sisteminin yalnız cəza mexanizmi deyil, eyni zamanda islah, bağışlama və cəmiyyətə yenidən inteqrasiya vasitəsi olduğunu göstərir. Amnistiya aktları Azərbaycan Respublikasında uzun illərdir formalaşmış hüquqi ənənəyə söykənir və dövlətin sosial ədalət prinsipinə sadiqliyini təsdiqləyir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya humanizm ideyalarına əsaslanaraq, müəyyən kateqoriyadan olan məhkumların cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsini nəzərdə tutur. Bu addım, ilk növbədə, cəmiyyətə təhlükə törətməyən şəxslərin yenidən normal həyata qayıtmasına, ailə bağlarının bərpasına və sosial adaptasiyaya imkan yaradır. Dövlət başçısının bu təşəbbüsü göstərir ki, hüquqi məsuliyyətlə yanaşı, insan taleyi və sosial ədalət amili də daim diqqət mərkəzində saxlanılır. Amnistiyanın “Konstitusiya və Suverenlik İli” ilə əlaqələndirilməsi xüsusi rəmzi məna daşıyır. Konstitusiya insan hüquq və azadlıqlarının əsas təminatçısıdır, suverenlik isə bu hüquqların müstəqil dövlət tərəfindən qorunmasının əsas şərtidir. Amnistiya təşəbbüsü bu iki anlayışın vəhdətini praktik müstəvidə əks etdirir.

Bu, vətəndaşlara dövlətin gücünün yalnız sərtlikdə deyil, eyni zamanda mərhəmət və ədalətdə olduğunu nümayiş etdirir.Beynəlxalq təcrübədə də amnistiya aktları cəmiyyətin sağlamlaşdırılması, hüquqi münasibətlərin yumşaldılması və sosial gərginliyin azaldılması baxımından mühüm alət hesab olunur. Azərbaycan da bu sahədə mütərəqqi yanaşma nümayiş etdirərək, hüquqi islahatları humanist dəyərlərlə uzlaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu cür təşəbbüslər ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir, Azərbaycanın hüquqi və demokratik inkişaf yoluna sadiqliyini təsdiqləyir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə, hüquqi dövlət prinsiplərinin dərinləşməsinə xidmət edir. Bu addım həm Konstitusiyanın ruhuna, həm də Azərbaycanın müstəqil və suveren dövlət kimi müəyyənləşdirdiyi strateji inkişaf xəttinə tam uyğun olmaqla, cəmiyyətə birlik, bağışlama və gələcəyə inam mesajı verir.

Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası,Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button