Afrika ölkələri ilə əməkdaşlığın inkişafı ölkəmizin əsas xarici siyasət prioritetlərindən biridir
Azərbaycan və Konqo münasibətlərinin yaranma tarixinə qısa nəzər salsaq bu münasibətlərin 23 sentyabr 2011-ci ildə Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov və Konqonun sabiq xarici işlər naziri Aleksis Tambve Mvamba arasında rəsmi görüşdən sonra başladığını görərik. Bu tarixdan etibarən iki ölkə arasında iqtisadi, hərbi-texniki və s. sahələrdə əməkdaşlıq başlamlşdır. Belə ki, BMT-nin 2017-ci il statistikasına əsasən Azərbaycanın Konqoya ixracının həcmi 92,610 ABŞ dolları təşkil etmişdir. BMT-nin 2018-ci il statistikasına əsasən, Konqonun Azərbaycana ixracının həcmi təqribən 50,700 ABŞ dolları təşkil etmişdir. BMT-nin 2019-cu il statistikasına əsasən, Konqonun Azərbaycana ixracının həcmi 60,100 ABŞ dolları təşkil etmişdir. Eyni zamanda iki ölkə arasında Regional enerji layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.
Ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq da mövcuddur. 2016-cı ilin sentyabr ayında Azərbaycan Konqoya 10 ədəd modernləşdirilmiş ZTR-70 zirehli transportyoru ixrac etmişdir. Konqo və Azərbaycan arasındakı əlaqələrin zirvə nöqtəsi isə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfərə gəlməsi və ölkələrimiz arasında “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”nin imzalanması oldu.
Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı deyib ki, imzalanan Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Dövlət başçısı qeyd edib ki, bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək.
“Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq”, – deyə İlham Əliyev söyləyib.
İlham Əliyev daha sonra bildirib ki, görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunub, fikir birliyi ifadə edilib.
“Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir. Prezident Deni Sassu-Nqesso isə bəyanatında bildirib ki, Konqo Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində – iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayır, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Göründüyü kimi, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır.
Qeyd edək ki, Azərbaycanın kolonializmə qarşı mübarizəsinin nəticəsində hətta Fransanın ənənəvi aktiv olduğu Afrika regionunda da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bunlardan biri də məhz Konqodur. Görünür ki, Azərbaycanla Konqonun münasibətləri daha yüksək mərhələyə keçəcək.
Kərimov Qara,
YAP-ın fəalı