Afrika ölkələri ilə əməkdaşlığın inkişafı ölkəmizin əsas xarici siyasət prioritetlərindən biridir
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlməsi xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. İstər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var.
Azərbaycan və Konqo dövlətləri bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətlərini davam etdirəcək. Xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində bu əməkdaşlıq daha yüksək səviyyədə olacaqdır. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Azərbaycanın təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib.
Bu gün Azərbaycan neokolonializmə qarşı mübarizədə Afrika ölkələrinin yanındadır, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsində müsbət qarşılanır və dəstəklənir. Dünyada kolonializmi hazırda da dövlət siyasəti kimi təqdim edən Fransanın hələ də mövcud olduğu ölkələrdən biri də Konqodur. Bu ölkələr, o cümlədən Konqo Respublikası neokolonializmlə mübarizədə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Bu səbəbdən əminlikdə ifadə etmək olar ki, səfər çərçivəsində imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.
Sübhan Ərəbi,
YAP-ın fəalı