
“Rusiyanın mülki infrastruktur və yaşayış məntəqələrinə zərbələri yolverilməzdir”.
Victorytime.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti Trend-in Rusiyanın Azərbaycan qazının Ukraynaya nəqlini təmin edən obyektə hücumu ilə bağlı sorğusuna cavab olaraq bildirib.
“Rusiya bu cür hərəkətlərə dərhal son qoymalıdır. Məhz bu müharibənin insanlar üçün dağıdıcı fəsadları Prezident Trampın sülhə nail olmağa can atmasının əsas səbəbidir. Ölüm və dağıntılara son qoyulmalıdır”, – deyə qeyd olunub.
Xatırladaq ki, avqustun 6-na keçən gecə Rusiya ordusu Ukraynanın qaz nəqli ilə bağlı infrastruktur obyektlərinə zərbə endirib. Ukraynanın Energetika Nazirliyinin yaydığı məlumata görə, pilotsuz uçuş aparatları ilə Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında Ukraynanın təbii qaz tədarükünün təmin edildiyi kompressor stansiyasına zərbə endirilib. Həmin kompressor stansiyası Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə olunur. ABŞ-dən mayeləşdirilmiş təbii qaz və Azərbaycan qazının sınaq həcmləri bu yolla Ukraynaya nəql edilir.