AnalitikaGündəm

9-20 sentyabr antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlardan biridir

Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunur. Əməliyyatın əsas hədəflərini Qarabağ ərazisində erməni silahlı birləşmələrinin və separatçı rejimin mövcudluğuna son qoyulması təşkil edirdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə “Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür” deyərək xəbərdar etmişdi.

Təəssüf ki, ermənilər əməllərindən əl çəkmədilər. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər. Uzun müddət düşmən tapdağında qalan torpaqlarımız müasir siyasətə, mədəniyyətlərarası münasibətlərə, siyasi-hərbi əxlaq kodeksinə, qlobal proseslərin gedişatına milli və bəşəri maraqlar kontekstində özünəməxsus ciddiyyəti və strategiyası ilə yanaşan, sözü, imzası və rassional paradiqmaları ilə dünyada böyük hörmət qazanan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmişdir. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi.

Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən qüvvələr hər vəchlə ölkəmizi ağızlarında saqqız halına çevirdikləri “soyqırım” iddiaları ilə şərləməyə cəhd etdilər. Lakin gün kimi aydın idi ki, Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə, zəruri tibbi və digər yardımlar göstərilmiş, dövlətimiz tərəfindən onlar içməli su və ərzaqla təmin olunmuşdular. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı.

Qalib ölkənin başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində qələbə və qalib dövlət anlayışı dəyişməz bir reallıq olaraq tarixə həkk olundu. Güclü, suveren və müstəqil Azərbaycana nəinki qərb ölkələri, heç bir qüvvə təsir edə bilməz.

Natiq Mahmudov,
YAP Şuşa rayon təşkilatının fəalı                          

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button