AnalitikaGündəmİqtisadiyyat

8 Noyabr Elektrik Stansiyasının açılışı ilə Azərbaycan enerji sektorunda strateji uğur qazandı

2025-ci ilin iyun ayında Prezident İlham Əliyevin Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində etdiyi çıxış, ölkəmizin enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha sübut etdi. Bu çıxış yalnız yeni bir enerji obyektinin istifadəyə verilməsi ilə bağlı deyildi – bu, Azərbaycanın müstəqillik yolunda qazandığı uğurların, dayanıqlı inkişafının və milli iradəsinin bariz göstəricisi idi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətləri konkret faktlarla təqdim etdi. O vurğuladı ki, “8 Noyabr” Elektrik Stansiyası son illər ərzində Azərbaycanda tikilən ən böyük və ən müasir elektrik stansiyasıdır. 1280 MVt gücündə olan bu stansiya təkcə ölkənin daxili enerji tələbatını ödəməklə kifayətlənməyəcək, eyni zamanda elektrik enerjisinin ixracını da genişləndirəcək. Dövlət başçısı enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğunu bir daha xatırlatdı. O bildirdi ki, Azərbaycan artıq uzun illərdir ki, enerji idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Bu proses isə heç də təsadüfi baş verməmiş, illərlə aparılan düşünülmüş siyasətin, böyük investisiyaların və siyasi iradənin nəticəsi olmuşdur.
Stansiyanın adının “8 Noyabr” – Zəfər Günümüzlə bağlı olması da mühüm simvolik məna daşıyır. Prezident çıxışında bu məqama xüsusi diqqət ayırdı. O qeyd etdi ki, bu ad təkcə bir tarix deyil, həm də Azərbaycanın gücünün, iradəsinin və birliyinin təcəssümüdür. “8 Noyabr” Elektrik Stansiyası yalnız texnoloji deyil, mənəvi gücə də malik olan bir obyektə çevrilir. Bu adla açılan stansiya həm də Vətən müharibəsindəki qələbəmizin davamı kimi qiymətləndirilə bilər. Qələbədən sonra ölkənin bütün sahələrində – istər sosial, istər iqtisadi, istərsə də texnoloji sahələrdə sürətli inkişafın təmin edilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir və bu stansiyanın istifadəyə verilməsi də həmin strategiyanın tərkib hissəsidir.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “8 Noyabr” Elektrik Stansiyası təkcə gücü ilə deyil, həm də yüksək səmərəliliyi və ekoloji standartlara uyğunluğu ilə seçilir. Stansiyada istifadə edilən texnologiyalar enerjinin daha az yanacaq sərfiyyatı ilə istehsalına imkan verir ki, bu da ölkənin karbonsuzlaşdırma və ekoloji təhlükəsizlik strategiyasına uyğundur. Bu yanaşma Prezidentin rəhbərliyi ilə ölkədə həyata keçirilən “yaşıl enerji” siyasətinin bir hissəsidir. İlham Əliyev çıxışında bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi yer ayıraraq bildirdi ki, Azərbaycanın külək və günəş enerjisi potensialı beynəlxalq səviyyədə artıq tanınır və bu sahədə bir sıra beynəlxalq tərəfdaşlarla əməkdaşlıq davam etdirilir. Prezident çıxışında xüsusi olaraq vurğuladı ki, “8 Noyabr” Elektrik Stansiyasının inşası əsasən yerli imkanlar hesabına həyata keçirilib. Bu da Azərbaycanın texniki və mühəndis potensialının yüksək səviyyədə olduğunu nümayiş etdirir. Müasir dünyada enerji kimi strateji sahədə xarici asılılığın minimuma endirilməsi dövlətlərin müstəqillik meyarlarından biridir və Azərbaycan bu sahədə nümunəvi mövqe sərgiləyir. Prezident İlham Əliyevin “8 Noyabr” Elektrik Stansiyasının açılışındakı çıxışı həm strateji, həm simvolik, həm də gələcəyə hesablanmış bir proqram sənədi kimi dəyərləndirilə bilər. Bu çıxışda ifadə olunan fikirlər göstərdi ki, Azərbaycan yalnız bu günü deyil, sabahını da düşünən və planlayan bir dövlətdir. Bu stansiyanın fəaliyyətə başlaması ilə Azərbaycan təkcə enerji istehsalını artırmır, həm də iqtisadi sabitliyini möhkəmləndirir, ixrac potensialını genişləndirir və müasir dünyada özünü güclü tərəfdaş kimi təqdim edir. Prezidentin sözləri ilə desək, “8 Noyabr” Elektrik Stansiyası həm Zəfərimizin, həm də inkişaf yolunda qazandığımız uğurların parlaq simvoludur.

Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button