8 Noyabr adı önəmli simvolik məna daşıyır

Azərbaycanın “İşıqlar şəhəri”, eyni zamanda, 4-cü iri sənaye mərkəzi olan Mingəçevir, ölkəmizin enerji qüdrətinin sinonimi olan şəhərdir. İkinci Dünya müharibəsindən sonra nəhəng Mingəçevir Su Elektrik Stansiyasını inşa etməklə şəhərin müasir inkişafı başladı. Ən parlaq dövr 1970-ci illərdə – Azərbaycan SSR-ə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrə düşdü. Məhz onun təşəbbüsü ilə Mingəçevir təkcə elektrik stansiyasına deyil, tam hüquqlu sənaye və təhsil mərkəzinə çevrildi. Burada Politexnik İnstitutu yaradılmış, texnikumlar, elmi laboratoriyalar fəaliyyətə başlamışdır. Bu, enerji kimi mürəkkəb və texnoloji cəhətdən intensiv bir sahədə davamlı inkişaf etdirmək imkanı verdi.
Lakin, Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkədə hökm sürən xaos və iqtisadi problemlər fonunda əldə olunan nailiyyətləri saxlamaq çox çətinləşdi. Yalnız, xalqın tələbi ilə Ulu Öndər hakimiyyətə qayıdışından sonra hər bir dövlətin inkişafı üçün ən mühüm amillər- ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu. Və Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə Mingəçevir və bütövlükdə Azərbaycanın enerji sistemi yeni dövrə qədəm qoydu. Dövlət başçısının Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılışında söylədiyi fikirlər energetika sahəsində aparılan sistemli işləri təsdiqləyir: “Son 20 ildə biz Azərbaycanın enerji sistemini, demək olar ki, sıfırdan qurmuşuq”. Bu sadəcə bir fikir deyil. Son 20 ildə Azərbaycan elektrik enerjisi idxalından asılı olan ölkədən Cənubi Qafqazda ən böyük elektrik enerjisi istehsalçısı və ixracatçısına çevrilib. Son illərdə yeni generasiya qurğularının istifadəyə verilməsi sürəti dinamik surətdə artıb, sabitliyi qorumaq və ixrac imkanlarını genişləndirmək üçün yeni ötürücü sistem obyektləri – elektrik verilişi xətləri və yarımstansiyalar tikilib. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.
Gördüyümüz kimi, İkinci Qarabağ Müharibəsində Qələbənin şərəfinə adlandırılan “8 noyabr” stansiyası rəmzi və texnoloji flaqmandır. Bu, ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Azərbaycanın ixrac potensialını xeyli artırır. Gürcüstan, Türkiyə, Rusiya və İran kimi ölkələrə elektrik enerjisi ixracı ildə 3 milyard kilovatsaatdan artıqdır. Yaşıl Enerji Dəhlizi layihəsinin işə salınması və Avropanın ENTSO-E sisteminə qoşulması ilə Azərbaycan Rumıniya və Macarıstan vasitəsilə Aİ ölkələrinə elektrik enerjisi ixrac etməyi planlaşdırır. Eyni zamanda, Mingəçevir ölkənin əsas generatoru kimi bu enerjinin ixrac edildiyi nöqtəyə çevrilir. Azərbaycanın 2030-cu ilə qədər yaşıl enerji üzrə 6500 meqavat gücündə bərpaolunan enerji istehsalına nail olmaq hədəfi enerji siyasətində yeni uğurların astanasında olduğumuzu göstərir. Daha səmərəli, az yanacaq sərfiyyatı ilə işləyən “8 Noyabr” Elektrik Stansiyası enerji balansını daha çevik edir. Həmin stansiyanın fəaliyyətə başlaması nəticəsində təbii qaz ixracı üçün əlavə resurslar formalaşır, bu isə ölkəyə həm iqtisadi dividendlər, həm də enerji bazarlarında strateji mövqe qazandırır. Paralel olaraq, daxili enerji istehsalında sabitlik təmin olunur ki, bu da bərpaolunan enerji layihələrinin sistemə inteqrasiyasını asanlaşdırır və riskləri azaldır. Dövlətimizin başçısı qeyd etdiyi kimi, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək: “Qeyd etdiyim kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik”.
“8 Noyabr” adı önəmli simvolik məna daşıyır. Bu layihə ilə həm Azərbaycanın şanlı Zəfər Günü yad edilir, həm də ölkənin enerji sektorunda əldə etdiyi strateji uğurlar bir növ qələbə ruhu ilə vəhdət təşkil edir. Dövlətimizin başçısının bu adı şəxsən seçməsi stansiyanın milli kimliyi, xalqın iradəsini və dövlətin gücünü təcəssüm etdirdiyini göstərir.
“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın nailiyyətlərini bir daha ifadə edir. Layihə ölkənin enerji siyasətində ardıcıl və uzaqgörən yanaşmanın, beynəlxalq tərəfdaşlıqlara əsaslanan modelin və milli təhlükəsizlik konsepsiyasının real nəticəsidir. Bu stansiya həm enerji təminatı, həm də milli ruh baxımından ölkəmizin gələcəyinə işıq salır.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi