44 gün ərzində xalqımızın zəfər səlnaməsi yazıldı
Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Şərq torpaqlarına birləşməsi, dünya Azərbaycanlılarının yumruq kimi bir olması ilə tarixə yazıldı. 28 il yarım işğal altında qalan Şuşanın işğaldan azad olunması, ulu öndər Heydər Əliyevin “Azərbaycan üzükdür, Şuşa onun qaşı” sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır. “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini tapdı. Ölkə başçımız ötən il noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı. “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi” söyləyən dövlət başçısı İlham Əliyev diplomatik uğurları ilə də sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. İşğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yeri vardır. Dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Yanvarın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Şuşa şəhəri mübaliğəsiz Azərbaycanın mədəniyyət beşiyidir. Bu şəhər Azərbaycanın bir çox ziyalılarının, o cümlədən şairlərin, yazıçıların vətəni olub. Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və görkəmli opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəyib, Xurşidbanu Natəvanın evi erməni təcavüzkarları tərəfindən yandırılıb. Heç şübhəsiz, Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail olmağımızı sürətləndirəcəkdir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı