31 Mart azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür
Qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bu soyqırımı hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Əllərinə düşən fürsətdən maksimum istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Aynur Mehdiyeva ,
YAP Nizami rayon təşkilatının məsləhətçisi