GündəmAnalitikaSiyasət

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyinin Tarixi Təməli: Ulu Öndər Heydər Əliyevin Milli Birlik İdeyasıdır

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclası Azərbaycan xalqının milli-mənəvi həyatında mühüm tarixi hadisə kimi yadda qalmışdır. Məhz həmin iclasda 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir. Bu qərar təkcə bir bayramın təsis edilməsi deyil, eyni zamanda dünya üzrə səpələnmiş milyonlarla azərbaycanlının birliyinin, milli kimliyinin və həmrəyliyinin rəmzi olmuşdur.XX əsrin sonları Azərbaycan üçün olduqca mürəkkəb və ziddiyyətli bir dövr idi. Sovet İttifaqının dağılması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağda baş verən hadisələr və ölkə daxilindəki siyasi qeyri-sabitlik xalqın taleyinə ciddi təsir göstərirdi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və milli maraqlara əsaslanan fəaliyyəti xüsusi əhəmiyyət daşıyırdı. Onun təşəbbüsü ilə Naxçıvanda qəbul edilən bu qərar milli ruhun yüksəldilməsinə və azərbaycanlıların dünya miqyasında bir amal ətrafında birləşməsinə xidmət edirdi.

31 dekabr tarixinin seçilməsi təsadüfi deyildi. 1989-cu ilin məhz bu günündə Araz çayı boyunca yaşayan azərbaycanlılar süni şəkildə yaradılmış sərhədləri dağıdaraq bir-biri ilə qovuşmuş, milli birliyin gücünü nümayiş etdirmişdilər. Bu hadisə Azərbaycan xalqının azadlıq, birlik və həmrəylik arzularının açıq ifadəsi idi. Heydər Əliyev bu tarixi məqamı yüksək qiymətləndirərək onu ümumxalq bayramı səviyyəsinə qaldırmağı zəruri hesab etmişdir.Qəbul olunan qərar diaspor siyasətinin formalaşmasında da mühüm rol oynamışdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, milli mədəniyyətimizin, dilimizin və tariximizin qorunub saxlanmasına güclü təkan vermişdir. Bu bayram vasitəsilə azərbaycanlılar yaşadıqları ölkələrdə bir araya gələrək milli dəyərlərini nümayiş etdirir, Vətənlə mənəvi bağlarını daha da gücləndirirlər.Müstəqil Azərbaycan Respublikasının qurulmasından sonra da bu bayram dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə bu siyasətin ideoloji əsasını təşkil etmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu xətt uğurla davam etdirilir, dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənir.Nəticə etibarilə, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul olunan qərar Azərbaycan tarixində silinməz iz qoymuşdur. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın birlik, bərabərlik və milli həmrəylik ideallarının təcəssümüdür. Bu bayram hər bir azərbaycanlı üçün harada yaşamasından asılı olmayaraq, Vətənə bağlılığın, milli qürurun və ortaq kimliyin simvolu olaraq yaşayır və gələcək nəsillərə ötürülür.

Günel Nəsibova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button