
Hər bir müstəqil dövlətin suverenliyinin qorunması, ərazi bütövlüyünün təminatı və xalqının təhlükəsizliyi onun hərbi gücündən – Silahlı Qüvvələrindən asılıdır. Bu baxımdan, 26 iyun tarixi Azərbaycan xalqı üçün sadəcə bir təqvim günü deyil, eyni zamanda milli dövlətçiliyimizin, müstəqilliyimizin və vətənə olan sədaqətimizin simvoluna çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Həmin gün milli ordu qurulması haqqında qərar qəbul edilmiş və müstəqil Azərbaycanın ilk nizami hərbi birləşmələrinin yaradılmasına başlanmışdır. Qısa zaman kəsiyində formalaşdırılan bu hərbi qüvvələr gənc Cümhuriyyətin mövcudluğunu və təhlükəsizliyini təmin etmək üçün böyük əhəmiyyət daşıyırdı. Sovet işğalından sonra Azərbaycan öz müstəqil ordusundan məhrum olsa da, 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra Silahlı Qüvvələrin yenidən qurulmasına dərhal başlanıldı. Müharibə şəraitində doğulan Azərbaycan Ordusu, ilk illərdə ciddi çətinliklərlə üzləşdi. Lakin qısa müddətdə bu çətinliklər arxada qaldı və Silahlı Qüvvələrimiz tədricən gücləndi. Azərbaycan ordusunun formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi rolu olmuşdur. 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Onun təşəbbüsü ilə 1998-ci ilin may ayında imzalanan sərəncamla 26 iyun – Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirildi və bu gün hər il təntənəli şəkildə qeyd olunur. Bu illər ərzində Azərbaycan Ordusu yalnız sayca deyil, keyfiyyətcə də böyüdü – peşəkar kadrların hazırlanması, müasir silah-sursatla təchizat, beynəlxalq hərbi əməkdaşlıqlar və yeni hərbi doktrinanın tətbiqi ilə Azərbaycan Ordusu regionda güclü və qüdrətli orduya çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin güc və hazırlığı 2020-ci ildə 44 günlük Vətən müharibəsində bütün dünyaya sübut olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımız azad olundu. Bu müharibə yalnız hərbi deyil, mənəvi, siyasi və tarixi cəhətdən də əhəmiyyətli bir dönüş nöqtəsi oldu. Azərbaycan əsgəri öz qəhrəmanlığı, yüksək intizamı və texnoloji bacarığı ilə 30 illik ədalətsizliyə son qoydu. Bu Qələbə – şəhidlərimizin fədakarlığı, qazilərimizin əzmi və xalqımızın birlik ruhunun təntənəsi idi. Azərbaycan Ordusu öz tarixi missiyasını layiqincə yerinə yetirdi və adını zəfər tariximizə qızıl hərflərlə yazdı. Bu gün Azərbaycan Ordusu NATO standartlarına uyğun şəkildə yenilənir və modernləşdirilir. Hərbi qulluqçuların sosial təminatı yaxşılaşdırılır, beynəlxalq sülhməramlı missiyalarda iştirak artır, yeni hərbi təlim bazaları, müdafiə sənayesi müəssisələri qurulur. Orduya olan inam, gənclərin hərbi xidmətə marağı, vətənpərvərlik tərbiyəsi gücləndirilir. Silahlı Qüvvələrimiz təkcə müharibə deyil, həm də sülh və sabitliyin təminatçısıdır. Bugünkü Azərbaycan əsgəri – yalnız silah daşıyan deyil, həm də dövlətini, millətini, mədəniyyətini qoruyan qəhrəmandır.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi