26 Avqust Laçın Şəhəri Günü, Tarixi Zəfərdən Böyük Qayıdışa

26 avqust Azərbaycan xalqının yaddaşına tarixi ədalətin bərpa olunduğu, doğma torpaqlara qayıdışın yeni mərhələsinin başladığı əlamətdar gün kimi həkk olunub. Bu tarix Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın sarsılmaz iradəsini və Müzəffər Ordumuzun qəhrəmanlığını özündə birləşdirən Laçın Şəhəri Günü kimi böyük qürur hissi ilə qeyd edilir.
Laçın Azərbaycanın qədim və səfalı guşələrindən biri, Qarabağın mühüm yaşayış məntəqələrindən olmaqla yanaşı, xalqımızın tarixi-mədəni yaddaşında xüsusi yer tutur. Əzəmətli dağları, sıx meşələri, saf bulaqları, zəngin təbiəti və qədim yaşayış məskənləri ilə seçilən Laçın əsrlər boyu Azərbaycan xalqının doğma yurdu olub.Lakin 1992-ci ilin may ayında Laçın şəhərinin və rayonun işğal edilməsi ilə minlərlə soydaşımız doğma torpaqlarından məcburi şəkildə didərgin salındı. Şəhərin və kəndlərin infrastrukturu dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu. Laçınlıların illərlə davam edən yurd həsrəti xalqımızın ümumi Qarabağ nisgilinin ayrılmaz hissəsinə çevrildi.Bütün bu illər ərzində Azərbaycan dövləti öz prinsipial mövqeyindən geri çəkilmədi. İşğal faktının aradan qaldırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu. Azərbaycan xalqı isə öz torpaqlarına qayıdacağı günə inamını heç zaman itirmədi.Nəhayət, 2020-ci il 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qanı bahasına Qarabağın böyük hissəsi işğaldan azad edildi. Bu Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda tarixi dönüş nöqtəsi oldu.
Laçının azad olunması isə Zəfərimizin xüsusi səhifələrindən biridir. 2020-ci il dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması ilə rayonun uzun illər davam edən işğalına son qoyuldu. Daha sonra 26 avqust 2022-ci ildə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə Azərbaycan əhalisinin və dövlət qurumlarının qayıdışı təmin edildi. Beləliklə, Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bu qədim yurdumuzda yeni tarix başlandı. 26 avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi də məhz bu tarixi hadisənin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq baxımından böyük məna daşıyır. Bu gün biz yalnız bir şəhərin azad olunmasını deyil, həm də uzun illər yurd həsrəti çəkmiş insanların doğma torpaqlarına qayıdışını qeyd edirik.
Bu gün Laçında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir. İşğaldan sonra xarabalığa çevrilmiş ərazilərdə yeni yollar, yaşayış binaları, məktəblər, inzibati və sosial obyektlər inşa olunur. Şəhərin müasir standartlara uyğun yenidən qurulması ilə yanaşı, onun tarixi simasının və milli-mədəni irsinin qorunmasına da xüsusi diqqət yetirilir.
Laçın artıq yalnız keçmişin ağrılı xatirələri ilə deyil, gələcəyə yönəlmiş inkişafı ilə də tanınır. Doğma yurdlarına qayıdan laçınlıların evlərinə, küçələrinə, məktəblərinə və torpaqlarına yenidən qovuşması Böyük Qayıdışın ən böyük mənəvi qələbələrindən biridir. Laçının azadlığı bizə bir daha göstərdi ki, doğma torpaq sevgisi heç zaman itmir, milli iradə heç zaman sınmır və ədalət gec də olsa öz yerini tapır. Bu gün Laçının hər qarışında Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bu bayraq şəhidlərimizin əziz xatirəsinin, qazilərimizin qəhrəmanlığının, ordumuzun gücünün və xalqımızın birliyinin rəmzidir.
26 Avqust Laçın Şəhəri Günü münasibətilə bütün laçınlıları və xalqımızı ürəkdən təbrik edirik. Bu əlamətdar gündə Laçının azadlığı uğrunda canından keçmiş şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, qazilərimizə təşəkkürümüzü bildiririk.
Laçının əzəmətli dağlarında daim uşaqların şən gülüşləri, hər ocağında sevinc və bərəkət, hər küçəsində həyatın xoş sədaları eşidilsin. İllərlə yurd həsrəti ilə yaşayan laçınlıların doğma torpaqlarına qayıdışı qəlblərindəki nisgili sevincə, həsrəti vüsala, göz yaşlarını isə qürur göz yaşlarına çevirsin. Qoy hər bir laçınlı öz doğma evində, öz ata-baba yurdunda xoşbəxt və firavan ömür sürsün. 🇦🇿
Laçın azaddır, Laçın dirçəlir, Laçın yaşayır!
Qarabağ Azərbaycandır!
Laçın Azərbaycandır! 🇦🇿
Yeganə Abbasova,
YAP-ın fəalı,Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini



