25 dekabr 2024-cü il qanlı günlərdən biri kimi əbədi tariximizə yazıldı. Belə ki, Bakı- Qroznı reysini yerinə yetirən AZAL-a məxsus ‘Embraer 190’ tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğramışdır. Təyyarədə olan 62 sərnişin və 5 ekipaj üzvündən 38 nəfər həlak olmuş, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdir.
Prezident İlham Əliyev Azərbaycan televiziyasına verdiyi müsahibə zamanı hadisə baş verərkən Sant-Peterburqa MDB görüşünə uçduğunu, hadisədən xəbər tutar-tutmaz Bakıya geri qayıdaraq təcili müşavirə keçirilməsi və müvafiq tədbirlərin görülməsi ilə bağlı göstəriş verdiyini bildirmişdir.
Yaradılan Dövlət Komissiyası versiyalar üzərində araşdırmalar aparmış, müəyyən fərziyyələr irəli sürülsə də, ilkin faktlar kifayət qədər deməyə imkan verir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində xaricdən zədə almış və idarəetməni itirmiş, radioelektron mübarizə vasitələri tərəfindən idarəolumaz hala salınmışdır. Cənab İlham Əliyev həm də onu vurğulamışdır ki, hadisələr zamanı bizi təəssüfləndirən məqamlardan biri də Rusiya tərəfinin ilk üç gün ərzində cəfəng versiyalar irəli sürməsi, açıq-aydın şəkildə məsələni ört-basdır etməyə çalışması olmuşdur. Buna görə də Azərbaycan hadisələrin araşdırılması üçün Rusiya tərəfinin “bu işi Dövlətlərarası Aviasiya Komitəsi araşdırsın” təklifini qəti şəkildə etiraz etmiş, beynəlxalq ekspertlərin işi araşdırmasının tərəfdarı olmuşdur, çünki biz bu mövzuda maksimum ədalətli olmağa çalışırıq və qara qutu hələ açılmadığına görə tam aydın olmayan məsələlər haqqında qəti fikir bildirməsək də, açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik və deyirik.
Bizə aydın olan məsələlərdən çıxış edərək Rusiya tərəfinə müəyyən şərtlər ( Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir, öz günahını etiraf etməlidir, cinayətkarı cəzalandırmalıdır, Azərbaycan tərəfinə təzminat ödəməlidir) irəli sürmüşük. Bu şərtlərin yetəri qədər ədalətli olduğuna və qəbul ediləcəyinə ümid edirik. Necə ki onlardan biri artıq dünən təmin edildi.
Prezident İlham Əliyev AZAL-ın Rusiyanın 10 şəhərinə hava bağlantımızın dayandığını bildirib, çünki bizim üçün ilk növbədə təhlükəsizlik məsələləri ön plandadır və uçuşların nə vaxt bərpa olunacağını isə yalnız həyat göstərər deyə vurğulamışdır.
Cənab prezident İlham Əliyev çıxışının sonunda Qazaxıstan prezidentinə və Qazaxıstan xalqına yardımları və göstərdikləri həmrəyliyə görə minnətdarlığını bildirib, pilotların və bütün ekipaj üzvlərinin böyük qəhrəmanlığından danışıb. Qeyd etmişdir ki, ekipaj üzvlərinin vida mərasimində iştirak etmiş, onların yaxınlarına baş sağlığı diləmişdir. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər. Onlar bilirdilər ki, bu enişdən sağ çıxa bilməyəcəklər, ancaq son ana qədər sərnişinləri xilas etmək üçün əllərindən gələni etmişlər. Məhz onların sayəsində indi biz açıq-aydın deyə bilərik ki, təyyarəmiz Rusiya tərəfindən vurulub. Xüsusilə, qadın ekipaj üzvlərinin peşəkarlığı və soyuuqanlığı təqdirə layiqdir, onlar özləri stres vəziyyətində olmaqlarına baxmayaraq insanları sakitləşdirməyə çalışmış, xaos yaranmağının qarşısını almışlar. Cənab prezident onların bu fəaliyyətinin dövlət tərəfindən qiymətləndiriləcəyini qeyd etmişdir.
Sevinc Aslanlı,
Balaxanı qəsəbəsi 69 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi