AnalitikaGündəm

25 dekabr 2024-cü il qanlı günlərdən biri kimi əbədi tariximizə yazıldı

25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində “SOS” siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-də Çeçenistanda matəm elan edilib. Dekabrın 28-də hadisə ilə bağlı Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzr istəyib.

Təyyarə Azərbaycan vaxtı ilə saat 8:00-da  Bakıdan havaya qalxıb. Qroznı hava limanında pis hava şəraitinə görə təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib. Ekipaj 8:35-də qəza siqnalı verib və idarəetmə sistemində nasazlıq olduğunu bildirib. Daha sonra saat 8:49-da pilotlar Aktauda təcili eniş tələb ediblər və təyyarəni “birbaşa rejimdə” idarə etməyə çalışıblar. Lakin saat 10:28-də təyyarə yerə çırpılıb. Təyyarənin qəza görüntülərində yerə çırpılma zamanı eniş şassilərinin işə salındığı görünür. Təyyarə dik bucaq altında yerə çırpılıb, ilk olaraq sağ qanadı yerə dəyib. Sonra çevrilib və partlayış baş verib. Təyyarə iki böyük hissəyə bölünüb, tezliklə ərazidə yanğın başlayıb. Təyyarənin quyruq hissəsi əsas dağıntılardan uzaqda başıaşağı dayanıb və yanğından zərər görməyib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəza ilə bağlı Dövlət Komissiyası yaradılıb. Həmçinin təyyarənin qəzaya uğraması ilə nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb.

Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Təyyarə qəzası ilə əlaqədar Prezident İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq geri dönüb. O, təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri baş vermiş hadisəni araşdırmaq üçün Qazaxıstanın Aktau şəhərinə yola düşüblər. Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb.

İstintaq prosesi başa çatana qədər “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılıb. AZAL J2–8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi haqda qərar qəbul edilib.Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda baş vermiş təyyarə qəzasında sərnişinlərinin xilas edilməsində cəsarət, peşəkarlıq nümayiş etdirmiş bir qrup şəxsi mükafatlandırıb

Dekabrın 29-da Prezident İlham Əliyev Aktauda baş verən təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimində iştirak edib. Bundan sonra o, Azərbaycan Televiziyasına müsahibə verib və faciənin təfərrüatlarından danışıb.

Azərbaycan Prezidenti İlham Əliyev AZAL-a məxsus təyyarənin Rusiya ərazində vurulması və bundan sonra Qazaxıstanın Aktau limanında qəzaya uğramasıı ilə bağlı faktları səsləndirib və Rusiyadan kompensasiya tələb edib.

Azərbaycan Prezidenti təyyarənin yerdən açılan atəş nəticəsində zədələnməsi faktının göz qabağında olduğunu bildirib. “Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə alıb və idarəetməni demək olar ki, itirib. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. Bu, təyyarəyə yetirilən birinci xətərdir”.

Azərbaycan Prezidentinin fikrincə, Aktauda qəzaya uğramış təyyarənin füzelyajının qalıqlarının tədqiqi “quşlarla toqquşma” və ya “oksigen balonunun partlaması” versiyasını gündəlikdən çıxardı.

Prezident İlham Əliyev vurğulayıb ki, əlbəttə, təyyarə qəsdən vurulmayıb. İndi Bakı Moskvadan günahını etiraf etməsini, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edir. Azərbaycan lideri qeyd edib ki, təyyarə qəzası ilə bağlı “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək.

Təyyarə qəzasında həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik. Xəsarət alan insanlata isə tezliklə şəfa arzulayırıq. 25 dekabr 2024-cü il qanlı günlərdən biri kimi əbədi tariximizə yazıldı.

Ceyhun Sadizadə,
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin coğrafiya müəllimi 

 

Oxşar Xəbərlər

Back to top button