22 iyul Azərbaycanda milli mətbuatın yaranması günüdür
Azərbaycan milli mətbuatının əsası 149 il bundan öncə – maarifçilik hərəkatının görkəmli nümayəndələrindən Həsən bəy Zərdabinin qurucusu olduğu “Əkinçi” qəzetinin nəşrə başlaması ilə qoyulub. O, qəzetin nəşrinə böyük çətinliklə icazə almış, İstanbuldan ərəb qrafikalı mətbəə şriftləri gətirtmişdir. Qəzetin ilk nömrəsi onun redaktorluğu ilə 1875-ci il iyulun 22-də Bakıda qubernator mətbəəsində nəşr edilir və bununla da milli mətbuatımızın əsası qoyulur.
Ayda iki dəfə 300-400 tirajla nəşr edilən “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunurdu.
1877-ci ildə Rusiya-Türkiyə müharibəsi başladığı zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Bakı qubernatoru həmin il sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən qadağa qoyur.
Qəzetin ümumilikdə 56 sayı işıq üzü görür.
İlk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – iyulun 22-si Azərbaycanda “Mətbuat Günü” kimi qeyd edilir.
Sonrakı illərdə görkəmli aydınlarımızın əsasını qoyduğu “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və dərgilər “Əkinçi” yolunu davam və inkişaf etdirdi. Şərəfli Azərbaycan mətbuatı bir neçə mərhələdən keçməli olub. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində azad mətbuatın, hadisələrə yeni mətbu baxışın əsası qoyulub. Cümhuriyyətin işğalından sonra 70 illik kommunist dikaturası dönəmi yaşanıb.
XX yüzilin 90-cı illərinin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf dönəminə qədəm qoyub.
Mətbuatımızın yeni inkişaf dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyev mətbuatın cəmiyyətə təsir və maarifçilik gücünü həmişə yüksək qiymətləndirib. Ümummilli lider mətbuat və söz azadlığı, habelə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə çox önəmli və ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dönəmində Azərbaycan mətbuatı ilə bağlı ilk Fərmanı da məhz Heydər Əliyev imzalayıb.
Ümummilli lider mətbuatımızın problemlərinin həlli ilə bağlı 10-dan çox Fərman və Sərəncam imzalayıb.
Azərbaycanda senzura Ümummilli lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Sərəncamı ilə ləğv olunub.
Ümummilli liderin yolunu davam etdirən Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi durumunu yaxşılaşdırmaq məqsədilə önəmli sərəncamlar imzalayıb.
Ölkəmizdə Medianın İnkişafı Agentliyi yaradılıb.
Agentlik Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılıb.
2023-cü il iyul ayında Agentliyin təşkilatçılığı ilə Şuşada Beynəlxalq Media Forumu keçirilib və Forumda çıxış edən Prezident İlham Əliyev bu Forumun gələcəkdə də, davamlı olaraq keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Beləliklə, zəngin malik Azərbaycan mətbuatı 149-ci ildönümünü qalib ölkənin mətbuatı olaraq alnıaçıq və qürurla bayram edir. Bu əziz gündə şəhid jurnalistlərimizin timsalında bütün şəhidlərimizi dərin sayğılarla anır, qazi jurnalistlərimizin timsalında bütün qazilərimizə möhkəm cansağlığı, işavandlığı diləyirik!
Milli mətbuarımızın təməllərini atmış, tarixi xidmətlər göstərmiş bütün ustadlarımızı rəhmətlə yad edirik. Ruhları şad olsun!
MİLLİ MƏTBUAT GÜNÜMÜZ MÜBARƏK OLSUN!
Ələfsərova Həmidə,
YAP-ın fəalı