22 İyul Mətbuat Günü, Azərbaycan mətbuatının yaranmasının və inkişafının qeyd edildiyi xüsusi bir gündür. Bu gün, ilk Azərbaycan qəzetinin nəşr olunduğu 1875-ci ili xatırladır. Həsən bəy Zərdabi tərəfindən təsis edilmiş “Əkinçi” qəzeti, Azərbaycan xalqının informasiya ilə təmin olunması və maariflənməsi sahəsində əhəmiyyətli rol oynamışdır.
Həsən bəy Zərdabi, Azərbaycan mətbuatının banisi olaraq, jurnalistikanın ölkədəki inkişafının əsasını qoymuşdur. “Əkinçi” qəzeti, sadə xalqın dilində yazılmış məqalələrlə maariflənmə və milli şüurun inkişafına xidmət edirdi. Qəzetin səhifələrində kənd təsərrüfatı, təhsil, səhiyyə və digər sahələrə dair məqalələr yayımlanırdı. Zərdabi, həmçinin qəzet vasitəsilə cəmiyyətin problemlərini işıqlandırmağa və onların həll yollarını göstərməyə çalışırdı.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Prezidenti İlham Əliyevin sərəncamları da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.
Həsənova Səbinə,
YAP-ın fəalı