AnalitikaGündəm

2023-cü il 19-20 Sentyabr Anti-Terror Əməliyyatlarının Azərbaycanın Strateji və Siyasi Önəmi

Sirr deyil ki, 2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan bir çox əraziləri azad etdi, Ağdam, Laçın və Kəlbəcər isə bir güllə atılmadan düşməndən təmizləndi. Lakin Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq silahlı qüvvələrini və hərbi texnikasını ərazilərimizdən çıxarmadı. Əksinə, müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırdı, suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirdi. Hətta vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Ona görə də, bütün təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi.

Təhlillər, əməliyyatın effektivliyini və mümkün çatışmazlıqlarını ortaya qoydu. Bəzi ekspertlər, əməliyyatın strateji məqsədlərinə çatdığını qeyd etsələr də, digər ekspertlər, uzunmüddətli nəticələrin daha ətraflı qiymətləndirilməli olduğunu vurğuladılar. 2023-cü il 19-20 sentyabr tarixlərindəki antiterror əməliyyatı, regional təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli bir addım olaraq qiymətləndirilir. Əməliyyatın nəticələri, müvafiq tərəflərin əməliyyata necə yanaşdığını və gələcəkdə atılacaq addımları müəyyən edəcəkdir. Uzunmüddətli sülh və təhlükəsizlik üçün həm regional, həm də beynəlxalq səviyyədə əməkdaşlıq və əlavə tədbirlər tələb olunur.

İlham Quliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button