1991-ci il 30 avqust tarixli Bəyannaməsində əsas siyasi hədəf beynəlxalq aləmdə suverenliyimizi qəbul etdirmək idi
“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamənin tarixi əhəmiyyəti SSRİ-nin dağılmasını sürətləndirən “Avqust zərbəsi” qədər böyükdür”.
Bunu “Victorytime.az”a açıqlamasında siyasi ekspert Əli Babazadə deyib.
“Hər şeydən əvvəl deməlik ki, 90-cı illərin epoxası dövlətçilik tariximizdəki ən ən keşməkeşli dövrlərdən biri idi. Qorbaçov “Yenidənqurması”ndan sonra siyasi prosseslərin yeni fazada inkişafı Azərbaycanda da Milli Azadlıq Hərəkatının yeni dalğasını yaratmışdı. SSRİ-nin öz sərhədləri daxilində dağılmağa başladığı dövrdə Azərbaycandakı hərəkat ideoloji mübarizə formasında davam etsə də uzun müddət yekun siyasi nəticəyə nail ola bilməmişdi. Burada yekun nəticə deyəndə müstəqilliyin hüquqi bərpası nəzərdə tutulur. SSRİ-nin mərkəzində “24 Avqust hadisəsi”ndən sonra yaranan böhranlı vəziyyət bu prossesi daha da sürətləndirdi”.
Əli Babazadə vurğulayıb ki, müstəqillik planı rəsmi olaraq Ümumilli Lider Heydər Əliyevin yenidən aktiv siyasətə qayıtmasından sonra 1991-ci ilin 30 avqustunda “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin qəbul edilməsi ilə baş tutdu. Burada Heydər Əliyevin ən böyük tarixi xidməti qeyd olunan tarixdə Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etməsi oldu. Eyni zamanda Ümumilli Liderin Naxçıvandakı fəaliyyəti artıq prossesin reallaşması üçün zəmin formalaşdırmışdı. Qeyd edim ki, Bundan əvvəl də özündə müstəqillik çalarlarını əks etdirən iki qanun qəbul edilsə də, (23 Sentyabr 1989-cu il, “Azərbaycan SSR-nin suverenliyi haqqında” Konstitusiya Qanununu və 25 May 1991-ci il, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu) bunların heç biri hüquqi cəhətdən müstəqillik anlayışını tam ifadə edə bilmirdi.
Əli Babazadə həmçinin vurğulayıb ki, bu bəyannamə özündən əvvəli iki Konstitusiya Qanununa istinad edərək müstəqilliyi tamamlaya biləcək bütün elementləri özündə cəmləmişdi. Bununla artıq Azərbaycan müstəqil olaraq SSRİ-dən daha öncə ayrılmış respublikaların da müstəqilliyini tanımış və beynəlxalq səviyyədə müstəqilliyimizin tanınmasını əsas hədəf kimi müəyyən etmişdir. Məhz bu qərarın bazası əsasında 1991-ci ilin 18 oktyabrında Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi: “Bununla da Azərbaycan beynəlxalq hüququn subyekti kimi müstəqillik dövrünə qədəm qoydu. Doğrudur, müstəqilliyin ilk illəri daha böyük təhlükələrlə qarşı-qarşıya qaldıq, amma Ümumilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı bizim müstəqilliyimizin qarantına çevrildi”.