1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir
Zəngin tarixə və çox qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın müstəqil, qüdrətli bir dövlət kimi mövcud olması hər zaman müəyyən dairələri, xüsusilə də erməniləri narahat etmişdir. Odur ki, fürsət düşən kimi Azərbaycana qarşı təcavüzlər edilmiş, xalqımıza qarşı olmazın cinayətlər törədilmişdir. Tarixə nəzər saldıqda bu cür halların dəfələrlə təkrar olunduğunu aydın görmək mümkündür. Azərbaycan xalqı belə bir faciəvi tarixi 1918-ci ildə də yaşamışdır. Bolşevik-daşnak birləşmələri Bakıda, eləcə də Azərbaycanın Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Hacıqabul, Kürdəmir, Qarabağ, Zəngəzur və bir çox başqa yerlərində də soyqırımı davam etdirərək 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Bolşevik-daşnak birləşmələrinin törətmiş olduqları 1918-ci ilin mart soyqırımı həmin ilin sentyabr ayının ortalarınadək davam etmişdir.
1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını ilə başlayan və Azərbaycanın müxtəlif bölgələrini əhatə edən soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı xüsusilə fərqlənmişdir. Belə ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri ilə bərabər “Daşnaksutyun” partiyasının da 4 minlik silahlı dəstəsi iştirak etmişdir. 1918-ci ilin soyqırımı Şamaxı və Qubada xüsusi amansızlıqla törədilmiş, çoxlu sayda uşaq, qadın və qocalar qəddarlıqla qətlə yetirilmişdir. Qubada aşkarlanmış kütləvi məzarlıq erməni vəhşiliyinin əyani sübutdur.
1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Və bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının sevincini yaşayır.
Həsənova Səbinə,
YAP-ın fəalı