
Erməni millətçiləri tərəfindən irəli sürülən “Böyük Ermənistan” xülyası, tarix boyu Azərbaycan və regionun digər xalqları üçün ciddi təhlükə yaratmışdır. Bu iddia əslində heç bir tarixi və coğrafi əsaslara malik deyil, süni şəkildə uydurulmuş bir ideologiyadır. Erməni siyasətçiləri və millətçi dairələri əsrlər boyu bu xəyal uğrunda işğalçılıq siyasəti yürütmüş, soyqırımlar törətmiş və regional sabitliyi pozmağa çalışmışlar. 1918-ci il martın 31-də Bakı və digər bölgələrdə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi. Bu hadisələr Azərbaycan tarixində ən faciəli soyqırımlardan biri kimi qiymətləndirilir.
1917-ci ildə Rusiyada baş verən Oktyabr İnqilabından sonra bölgədə hakimiyyət uğrunda mübarizə gedirdi. Bakı Soveti və onun rəhbəri Stepan Şaumyan erməni daşnakları ilə birləşərək azərbaycanlıları sıradan çıxarmağa çalışırdı. Mart ayının sonunda Bakı şəhərində, Şamaxıda, Qubada, Qarabağda, Lənkəranda və digər yerlərdə kütləvi qırğınlar həyata keçirildi. Təkcə Bakıda üç gün ərzində 12 minə yaxın azərbaycanlı qətlə yetirildi. Şamaxıda 8 mindən çox insan öldürüldü, Qubada, Qarabağda, Muğanda və Lənkəranda da minlərlə azərbaycanlı qırğının qurbanı oldu.
Bu hadisələr Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı. 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra hökumət soyqırımla bağlı araşdırmalara başladı və Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Lakin 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra bu araşdırmalar dayandırıldı və hadisələrin üstü ört-basdır edildi.
Uzun illər unudulmuş bu faciə yalnız 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə rəsmi şəkildə “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” kimi tanındı. Hər il bu gün azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi anılır. 1918-ci ilin 31 mart hadisələri Azərbaycan tarixində xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə yalnız tariximizin qaranlıq səhifəsi deyil, həm də gələcək nəsillərə milli kimliyimizi qorumaq və belə faciələrin bir daha baş verməməsi üçün dərs olmalıdır.
Əzizzadə Nəzakət,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin tarix müəllimi