AnalitikaGündəmSiyasət

1918-ci il mart soyqırımı, Azərbaycan tarixində qanlı və dəhşətli bir səhifə olaraq yaddaşlarda qalıb

1918-ci ilin mart 31-i Azırbaycan tarixində qanlı tarix kimi yaddaşda qalmışdır. Bir neçə mart günləri ərzində bu şəhərlərin və onun ətraf kənlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən görünməmiş dəhşətli cəza aksiyalarına – talan və qırğınlara, əzilmək, əsir alınmaq, qarət edilmək, şəhər və kəndlər isə yanğın və dağıntılara  məruz qalmışdır.

Bakı və Şamaxıdan sonra müsəlman qırğınları və talanları Göyçay, Ərəş, Cavad, Nuxa, Quba qəzaları kəndlərini və Quba şəhərini, Gəncə şəhərinin ətraf kəndlərini, Lənkəran, Zəngəzur qəzalarını, həmçinin Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini əhatə etmişdir. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədə pulemyotlar qoyulmuşdu. Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər.

Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirdilər.

1918-ci il mart soyqırımına qədər Azərbaycanın milli demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, artıq qırğınlardan sonra bu ümidlər boşa çıxdı. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Ceyhun Sadizadə,
Maştağa qəsəbəsi, 28saylı tam orta məktəbin coğrafiya müəllimi

Oxşar Xəbərlər

Back to top button