
Azərbaycanın müasir tarixində əlamətdar günlər çoxdur, lakin 15 İyun – Milli Qurtuluş Günü öz mənasına və tarixi əhəmiyyətinə görə xüsusi yer tutur. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamasında və inkişaf yoluna çıxmasında mühüm dönüş nöqtəsi kimi tarixə düşüb. 1993-cü ilin həmin taleyüklü günündə xalqın istəyi və çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin parçalanmaq təhlükəsini aradan qaldırdı, sabitlik və dövlətçilik ideyalarının bərqərar olmasına zəmin yaratdı.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası, təəssüf ki, ilk illərində siyasi böhran, iqtisadi çöküş, idarəolunmazlıq və separatizm meylləri ilə qarşılaşdı. Ermənistanın təcavüzü nəticəsində davam edən Qarabağ müharibəsi, orduda baş alıb gedən nizamsızlıq, Gəncə hadisələri, müxtəlif bölgələrdə mərkəzi hakimiyyətə qarşı üsyanlar dövlətin varlığını sual altına alırdı. Azərbaycan faktiki olaraq vətəndaş müharibəsi astanasında idi. Bu ağır və taleyüklü şəraitdə xalq nicat yolunu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyev xalqın çağırışı ilə Bakıya dəvət olundu və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix Azərbaycanın xilasının, qurtuluşunun və inkişafının başlanğıcı oldu. Həmin gündən etibarən ölkədə anarxiya və qarşıdurmalara son qoyulmağa başlandı. Heydər Əliyevin təcrübəsi, qətiyyəti və uzaqgörənliyi ölkədə sabitlik və idarəetmənin bərpasını təmin etdi. O, ölkəni xaosdan çıxarıb inkişaf yoluna yönəltdi. Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin əsaslarını möhkəmləndirməyə, qanunsuz silahlı dəstələri tərk-silah etməyə, hüquq-mühafizə orqanlarını gücləndirməyə və xalqda gələcəyə inam yaratmağa nail oldu. Onun siyasi iradəsi sayəsində Azərbaycan vətəndaş qarşıdurmasından, parçalanma təhlükəsindən və daxili təhdidlərdən xilas oldu. Heydər Əliyev bir lider kimi yalnız ölkədaxili deyil, beynəlxalq aləmdə də Azərbaycanın nüfuzunu yüksəltdi. Xarici siyasətdə balanslaşdırılmış mövqe tutaraq, Azərbaycanın müstəqil dövlət kimi tanınmasında və güclənməsində mühüm rol oynadı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanın zəngin enerji ehtiyatları dünya bazarlarına çıxarıldı və ölkəyə milyardlarla sərmayə axını başlandı. Bu müqavilə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, geosiyasi mövqeyini də xeyli gücləndirdi. Eyni zamanda 1995-ci ildə qəbul edilən müasir Konstitusiya ölkənin hüquqi əsaslarını formalaşdırdı. Bütün bu uğurlar Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi idi.
Ümummilli Lider Heydər Əliyev yalnız siyasətçi deyil, həm də xalqını dərindən anlayan, onu birləşdirən və gələcəyə inam aşılayan şəxsiyyət idi. Onun hakimiyyətə qayıdışı ilə millət olaraq azərbaycanlılar özlərinə olan inamı bərpa etdilər, dövlətçiliyin mənəvi əsaslarını yenidən kəşf etdilər. 15 İyun – Milli Qurtuluş Günü bu baxımdan yalnız siyasi bir hadisə deyil, həm də milli ruhun və birliyin təntənəsidir. Bu tarix bir xalqın tarix səhnəsindən silinməkdən necə qurtulduğunu göstərən canlı sübutdur.Bu gün Ümummilli Liderin siyasi irsi və ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi daha da möhkəmlənmiş, ərazi bütövlüyü təmin edilmiş və ölkə regionun lider dövlətinə çevrilmişdir. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər də Ümummilli Liderin yaratdığı güclü dövlətin, mütəşəkkil ordunun və xalq-dövlət birliyinin bariz nümunəsi oldu.Milli Qurtuluş Günü hər il ölkə səviyyəsində böyük təntənə ilə qeyd edilir. Bu günün mahiyyəti təkcə bir liderin hakimiyyətə dönüşü deyil, xalqın öz taleyinə sahib çıxması və dövlətinə sahib durmasıdır. Bu gün azərbaycanlılar üçün sadəcə tarix deyil, milli iradənin, vətənpərvərliyin və azadlıq əzminin simvoludur. Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, onun dövlətçilik ideyaları və xalqına olan bağlılığı Azərbaycançılıq məfkurəsinin əsas dayaqlarından birinə çevrilmişdir. Bu baxımdan, 15 İyun – Milli Qurtuluş Günü xalqın öz liderinə və öz gələcəyinə inamının təntənəsidir.
Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi