Ulu öndər Heydər Əliyev Azərbaycanı davamlı iqtisadi inkişafa aparan strategiyanın banisidir
“Ulu öndərin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ Sovet İttifaqı zamanında – 1969-cu ildən Heydər Əliyevin respublikamıza rəhbərliyi ilə başlanan böyük tarixi misiyanın əsas istiqamətlərindən idi. O zaman Azərbaycan Sovet İttifaqının tərkibində olsa da, Ümummilli Liderin milli məfkurəyə əsaslanan siyasəti sayəsində sürətli inkişaf yolu keçmiş, bütün sahələr üzrə iqtisadi quruculuğa və yüksək göstəricilərə nail olunmuşdur. Heydər Əliyevə gələcəyə hesablanmış müdrik siyasət yürüdürək Sovet İttifaqı tərkibində müxtəlif əngəllərə baxmayaraq, milli iqtisadiyyatımızı formalşdırmağa, inkişaf etdirməyə və ittifaq tərkibində ən öncül yerlərdən birinə yüksəltməyə, güclü iqtisadi baza və infrastruktur, eləcə də bu sahədə güclü milli kadr potensialı yaratmağa nail olmuşdur”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir.
“Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi”.
“Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlanmışdır. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqısı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri neft strategiyasının hazırlanması idi.Müəllifi ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də başlanıldı. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.
Onun sözlərinə görə, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliyir və inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaratmışdır. Bütün görülən işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.