Güclü iqtiadiyyatımızın təməli Ümumilli Liderimiz tərəfindən qoyulmuşdur
Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir.Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaq. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir. Azərbaycanın iqtisadiyyatı azad iqtisadiyyat yolu ilə gedəcəkdir. Azərbaycan böyük iqtisadi-sosial islahatlar keçirmək əzmindədir. Azərbaycan dünyada sınanmış, artıq öz müsbət nəticələrini vermiş olan iqtisadi-sosial və ictimai-siyasi sistem yolu ilə gedəcəkdir. İqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yoludur. Azərbaycan iqtisadiyyatı sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir və bu, müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə strateji yoludur. Biz bu yolu seçmişik və onu seçərkən dünya təcrübəsindən istifadə etmişik, bundan sonra da istifadə edəcəyik. Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyini təşkil edir. Azərbaycanın ən böyük sərvəti Xəzərdən külli miqdarda çıxarılmış neft və qaz deyil. Məhz neftçıxarmanın müxtəlif sahələri üzrə toplanmış zəngin təcrübə, təşəkkül tapmış böyük alim və mütəxəssis ordusu, insan potensialı olmuşdur. Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir. Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir. Ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq və Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir. Neft özü-özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndə burada yaranmış böyük kimya kompleksinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu biz hamımız dərk etdik. Bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosial yönümlüyüdür. Neftin və qazın Avropa istiqamətində ixrac olunması – təkcə iqtisadi, kommersiya məsələsi deyildir. Bu, siyasi məsələdir. Bu, bizim Qərb ilə inkişaf etmiş ölkələrlə inteqrasiyamızın əsasıdır. Bu, eyni zamanda bizim bölgəmizdə təhlükəsizliyin təmin olunmasının əsasıdır. Demək, bu eyni zamanda böyük bir siyasi məsələdir. Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır. Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənilməsini təşkil etmək, bunun nəticəsində zəngin yataqlarımızda neft və qaz hasilatını təmin etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın milli mənafelərinin təmin olunmasına yönəltmək. Yəni bütün bu strategiya yalnız və yalnız Azərbaycanın milli mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətlərimizdən biridir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı