Analitika

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

“Azərbaycanın inkişaf tarixində 1970-1980-ci illər dönüş illəri hesab olunur. Bu da ulu öndər Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi ilə müşahidə olunub. Məhz bu dövrdə əhalinin hər nəfərinə düşən milli gəlirin iki dəfə, sənaye istehsalının isə üç dəfə artması, respublikada 250-dən artıq mühüm müəssisənin, yeni sexlərin texnika və mütərəqqi texnologiya əsasında tikilib istifadəyə verilməsi regionların inkişafına öz müsbət təsirini göstərib. Bu dövrdə Azərbaycanda 40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verilib ki, onlar da 12 orta və kiçik şəhər və rayonlarda yerləşdirilib. Qısa bir müddətdə respublika nəhəng tikinti meydanına çevrilib ki, bu da Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər, rayon və kəndlərdə geniş quruculuq və abadlıq işləri, həmçinin məktəblər, mədəniyyət evləri, inzibati binalar, yaşayış evləri, səhiyyə ocaqları, suvarma kanallarının tikilib istifadəyə verilməsi ilə öz təsdiqini tapıb”.

Bunu “Victorytime.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən azad etmək kimi məsuliyyətli və tarixi vəzifələr durmuşdu: “Eyni zamanda, Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrinin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması vəzifəsini də irəli sürmüşdü. Çünki, 1991-ci ildən başlanan siyasi və iqtisadi xaos respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən sənayeyə də öz təsirini göstərmiş, onların inkişaf tempini aşağı salmış, hətta sənaye üzrə məhsul istehsalının aşağı düşmə tempi 30 faiz təşkil etmişdi. Lakin “Azərbaycanın iqtisadiyyatı azad iqtisadiyyat yolu ilə gedəcəkdir. Azərbaycan böyük iqtisadi-sosial islahatlar keçirmək əzmindədir. Azərbaycan dünyada sınanmış, artıq öz müsbət nəticələrini vermiş olan iqtisadi-sosial və ictimai-siyasi sistem yolu ilə gedəcəkdir” deyən ulu öndər Heydər Əliyevin qətiyyəti və onun rəhbərliyi ilə həyata keçirilmiş islahatlar nəticəsində sənayenin tənəzzül sürəti azalmış, inkişaf meylləri artmış və 1996-cı ildən istehsalın həcminin aşağı düşməsinin qarşısı alınmışdı. Beləliklə, iqtisadiyyatda müsbət meyillərin daha da möhkəmlənməsi müşahidə olunmuşdu. Eləcə də 1997-ci ildən başlayaraq respublika regionlarının inkişafını təmin etmək məqsədilə dövlət tərəfindən bir sıra proqram, proqram məqsədli metodlar və vasitələr qəbul edilmişdi”.

“Azərbaycan Respublikasında ardıcıllıqla həyata keçirilən iqtisadi islahatlar ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş və beləliklə, dinamik iqtisadi inkişaf təmin edilmişdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionların inkişafı və əhalinin məşğulluğu sahəsində həlli tələb edilən vəzifələr də ön plana çəkilmişdi: “Bu gün artıq Azərbaycan nəinki regionun hətta Avrasiya geosiyasi məkanının güclü iqtisadiyyatına malik ölkələrdən birinə çevrilib. Bütün bunlar isə zamanın ulu öndər Heydər Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatların, eləcə də əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsidir”.

Oxşar Xəbərlər

Back to top button