Ermənistanın revanşist addımları sülh prosesinə tamamilə ziddir
44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, təcavüzkar Ermənistanın zərərsizləşdirilməsi ilə də nəticələndi. Bir sıra hərbi ekspertlərin də qeyd etdikləri kimi, işğal altındakı torpaqların azadlığı uğrunda “XXI əsrin müharibəsi”ni aparan Azərbaycan dövləti düşmən ölkənin ordusunu darmadağın etdi. Bu isə Ermənistanda dərin siyasi böhran yaradıb. Bu siyasi böhrandan istifadə etməyə çalışan işğalçı ölkədəki bəzi qüvvələr isə yalançı revanşizm fikirləri ilə daxili auditoriyanı öz tərəfinə çəkməyə çalışırlar. Amma istər revanşizmlə bağlı yalanlar səsləndirənlər, istərsə də Ermənistan cəmiyyəti anlamalıdır ki, törədiləcək hər hansı bir təxribat və ya bu ölkədə revanşist iddiaların səslənməsi onların özü üçün təhlükəlidir. Çünki bu cür ziyanlı iddialar prosesi daha da ağırlaşdırmaqla yanaşı, son nəticədə erməni xalqının fəlakətinə səbəb olacaq. Bu gün regionda yaranan siyasi-iqtisadi əməkdaşlıq platforması, Zəngəzur dəhlizi ilə bağlı perspektiv həm Ermənistanın xilası, həm də gələcək inkişafı üçün yeganə çıxış yoludur. Azərbaycan regionda yeni iqtisadi-siyasi mənzərə yaratmaqla yanaşı, yeni hərbi reallıqlar da formalaşdırıb. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusunun gücü 44 günlük müharibə dövründə hər kəsə bəlli oldu. Ermənistan isə istər iqtisadi potensialına, istər siyasi nüfuzuna, istərsə də hərbi qüdrətinə görə Azərbaycana açıq şəkildə uduzur: “Cənab Prezidentimizin də vurğuladığı kimi, biz 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Prosesin gələcək inkişafı artıq Ermənistandan asılıdır. Əgər Ermənistan hər hansı bir təxribata əl atmayacaqsa, Zəngəzur dəhlizinin fəaliyyətinə bu və ya digər şəkildə mane olmağa çalışmayacaqsa və ən əsası, hansısa revanşist iddialar səsləndirməyəcəksə, onun bir dövlət kimi yaşamaq imkanı olacaq. Amma Ermənistanda hansısa siyasi qüvvələr revanşizm xülyasına qapılarsa, buna cavab çox ağır olacaq. Azərbaycanın çox güclü ordusu var. Onlar unutmasınlar ki, Azərbaycan istənilən situasiyaya hazırdır”. Dünyada təhdidlər artır, təhlükələr artır. Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində deyib: Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Hesab edirəm ki, Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatların qarşısını Azərbaycan Ordusu qətiyyətlə alacaqdır. Vətənini bütövlüyü uğrunda canından keçən igid oğulların ruhları qarşısında baş əyirik, onlarla fəxr edirik! Vətən sağ olsun!
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı