Azərbaycan dilinin hərtərəfli inkişafı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır
Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.
Heydər Əliyev bu günki Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. XX əsrin 50-60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da bu sahədə məqsədyönlü iş Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan başlandı. Respublikanın rəhbəri kimi Heydər Əliyev ilk gündən uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltdi. O, mahir siyasətçi kimi Ali qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə edərək milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini qoydu.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini dahiyanəliklə. Azərbaycançılığın təntənəsi olmaq etibarilə belə qorumuşdu.
Hər bir xalq tarixən müəyyən milli dəyərlərə malik olur. Onları formalaşdırır, yaşadır. Milli dəyərlərin ən gərəklisi onun dilidir. Dil sosial həyatın yaşam vasitələrindən biiri kimi həmişə gərəkli olub. Digər tərəfdən, dil həm də dövlətlərarası münasibətlərin qurulmasında başlıca amillərdən biridir. Heç bir dövlət milli dilinə ehtiramla yanaşmayan dövlətlə dostluq münasibətləri qurmaq istəməz.
Azərbaycan dilinin incəliklərini mükəmməl bilən Ulu öndər dövlət idarəçiliyi sistemində işləyənlərdən də bunu tələb edirdi, bunu dövlətə sevginin təzahürü, təsdiqi kimi dəyərləndirirdi.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında nitqində böyük sevgilərlə xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədinin təzahürü idi.
Şəbnəm İsmayılova
YAP-ın gənc fəalı.