Azərbaycan dilinin inkişafı Heydər Əliyev tərəfindən diqqət mərkəzində saxlanılırdı
Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında ana dilimizin rolu böyükdür. Dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələləri keçərək onunla eyni taleyi yaşayıb müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətlərimizdəndir. Dilimizin keçdiyi çətin dövrlərdən biri də SSRİ dövrü idi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başladı. O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən ümumilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmağa başladı. Ulu öndər məqsədinə çatmaq üçün Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınmasına çalışırdı. Heydər Əliyev ziyalıları da mübarizəyə cəlb edərək bu prosesi daha da gücləndirdi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihəsi dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Kommunist ideologiyasının hökmranlıq etdiyi o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyırdı. Buna baxmayaraq, milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin salınmamasından narazılıqlarını bildirmişdilər. Yenə də respublikamızın rəhbəri Heydər Əliyev həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Lakin Moskvadakı rəhbər xadimlər müxtəlif bəhanələr gətirərək bunun qarşısını alırdılar. Xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər isə inadından əl çəkmirdi. Öz məqsədinə çatmaq üçün fəaliyyətini israrla davam etdirirdi. Ulu öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L. İ. Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı. Ulu öndər Heydər Əliyev şəxsən özü Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin iyunun 18-də böyük dahi şəxsiyyət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.
2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Həmin fərmanda deyilir: “On ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:
Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həmin fərmanlara uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərə tutulan əsərlərin siyahısı hazırlanmış və çap olunmuşdur. Möhtərəm Prezidentimiz milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha təsdiqlədi.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı