AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına yeni töhfədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin uğurlu xarici siyasətinin, beynəlxalq nüfuzunun və dost dövlətlərlə əməkdaşlığa verdiyi önəmin növbəti təzahürüdür.

Dövlət başçısı müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərinə toxunaraq, Ümummilli Lider Heydər Əliyevin və Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin iki xalq arasında dostluq əlaqələrinin formalaşmasındakı rolunu xüsusi qeyd edib.

Müsahibədə 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasının ikitərəfli münasibətlərdə yeni mərhələ açdığı vurğulanıb.

Prezident İlham Əliyev siyasi dialoqla yanaşı, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılıb.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizində iştirakı Vyetnamla nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Bu əməkdaşlıq ölkəmizin tranzit potensialının daha da güclənməsinə xidmət edir.

Müsahibədə humanitar, təhsil və mədəniyyət əlaqələrinə də xüsusi yer ayrılıb. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, təhsil sahəsində əməkdaşlıq və mədəni tədbirlər iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasətinin uğurlarını nümayiş etdirir. Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının inkişafı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və qarşılıqlı faydalı əlaqələrin genişlənməsinə xidmət edir.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button