Analitika

Dünyaya sübut etdik

Müasir dünyada çox az dövlət vardır ki, onların xalqları Azərbaycan və Türkiyə  xalqlarının bir-birinə yaxınlığı, bağlılığı  qədər doğma olsunlar. Ən çətin günlərində bir-birinin yanında olan, hər zaman bir-birinə dəstək olan Azərbaycan ilə Türkiyənin qardaşlığı bütün dünya ölkələrinə əsl nümunədir. Çünki, bu qardaşlığ qədər sınaqlardan alnıaçıq çıxmış başqa nümunə sayıla biləcək dövlətlər yoxdur. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günündən Azərbaycanın yanında olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” fikrini bəyan etdi. Mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın tək olmadığını dünyaya çatdıran qardaş Türkiyə xalqı Zəfər sevincini bizimlə birgə yaşadı. Küçə və meydanlarımızda iki dost, qardaş ölkənin bayraqları qoşa dalğalandı. Azərbaycanın şanlı Zəfərinin dünyaya təqdimatı olan Zəfər paradında da Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çiyin-çiyinə dayandılar.

Qardaş ölkə  Türkiyənin tarixində ən faciəli hadisələrdən biri də 6 fevral tarixində baş verən dəhşətli zəlzələ oldu. 10 vilayətdə baş verən zəlzələlər nəticəsində on minlərlə insan həyatını itirdi, yaralandı və dağıntılar altında qaldı. Bu  sarsıdıcı xəbər Azərbaycan xalqını  kədərə bürüdü. Prezident İlham Əliyev hadisənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbəri  xalqımızı son dərəcə sarsıtdığını və üzüntü içərisində olduğunu bildirdi. Dövlət başçısının tapşırığına əsasən qardaş ölkəyə yardım etmək üçün bütün strukturlar səfərbər edildi. Belə ki, birliyi və həmrəyliyi ilə bütün dünyaya əsl nümunə olan Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq münasibətləri bu dəfə də özünü ən bariz şəkildə göstərmiş oldu.  Azərbaycan və Türkiyə “Bir millət-iki dövlət” olaraq həm sevincli, həm də kədərli günlərdə hər zaman bir birinin yanında olmaqda davam edir və davam edəcək. 

Zəlzələnin baş verməsindən ötən günlər ərzində ölkəmizdən zəlzələ zonasına davamlı olaraq xilasedicilər, həkimlər, könüllülər göndərilir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə böyük yardımlar göstərilir. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Maddi vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız yardım toplama məntəqələrinə gedərək öz imkanları daxilində zəlzələdən əziyyət çəkmiş şəxslərə geyim, qida və digər lazımı vasitələr göndərməyə başladılar. Dövlət başçısının söylədiyi kimi, Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə və dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.

Türkiyənin dərdi Azərbaycanın dərdidir. Azərbaycan xalqı bu ağrını öz dərdi kimi hiss edir. Bütün qəlbimizlə inanırıq ki, qardaş dövlət bu ağır günlərin də öhdəsindən gələcək. Azərbaycan bu prosesdə daim qardaş Türkiyənin yanında olacaq.

Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatı

Oxşar Xəbərlər

Back to top button