AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəfər salnaməsini yazan Lider və qəhrəman Azərbaycan Ordusu

8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin və mübarizə əzminin təntənəsidir. Otuz ilə yaxın davam edən işğala son qoyulması, torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının çoxəsrlik tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Zəfər Günü yalnız hərbi qələbənin deyil, həm də milli ruhun, dövlətçilik düşüncəsinin və tarixi ədalətin təntənəsidir.

Bu böyük Qələbənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və uzaqgörən strategiyası həlledici rol oynadı. Dövlət başçısı uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə yanaşı, ölkənin müdafiə qüdrətinin artırılmasını da əsas prioritetlərdən biri kimi müəyyənləşdirdi. Güclü iqtisadiyyat, müasir ordu və xalq-iqtidar birliyi tarixi Zəfərin möhkəm təməlini formalaşdırdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və yüksək döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı əsgər və zabitlərimiz böyük qəhrəmanlıq göstərərək şəhər və kəndlərimizi işğaldan azad etdilər. Xüsusilə Şuşanın azad edilməsi hərb tariximizə misilsiz qəhrəmanlıq nümunəsi kimi daxil oldu.

Zəfərin qazanılması xalqımızın fədakarlığı, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin şücaəti hesabına mümkün oldu. Hər bir azərbaycanlı həmin günlərdə vahid amal ətrafında birləşərək Vətənin müdafiəsinə öz töhfəsini verdi. Cəbhədə döyüşən hərbçilərlə yanaşı, arxa cəbhədə çalışan insanlar da milli həmrəyliyin gücünü nümayiş etdirdilər.

Bu gün Zəfər Günü gələcək nəsillərə ötürülən böyük tarixi mirasdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Qələbənin davam edən nəticələridir. Azərbaycan Ordusunun qəhrəmanlığı, dövlətimizin qətiyyəti və xalqımızın birliyi sayəsində yazılan bu salnamə milli qürur mənbəyimiz olaraq daim yaşayacaq.

Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button