AnalitikaGündəmSiyasət

Hüququn və Dövlətçiliyin Təməli.12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

Hər bir müstəqil dövlətin tərəqqisinin, hüquqi sisteminin və demokratik dəyərlərinin təməlində əsas qanun dayanır. Azərbaycan xalqının və dövlətçilik tarixininə qızıl hərflərlə yazılmış mühüm tarixi hadisələrdən biri də məhz 12 Noyabr – Konstitusiya Günüdür. Bu əlamətdar gün xalqımızın azadlıq iradəsini, hüquqi dövlət quruculuğu istiqamətində atılan qətiyyətli addımları və müstəqilliyimizin əbədiliyini simvolizə edir.

Azərbaycan Respublikasının müstəqillik bərpasından sonra qəbul olunan ilk Konstitusiya dövlət quruculuğumuzun ən mühüm hüquqi sənədidir.12 noyabr 1995-ci il ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Sənədin hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyası genişmiqyaslı iş apararaq, qabaqcıl dünya təcrübəsini və milli dövlətçilik ənənələrini özündə birləşdirən mükəmməl layihə hazırladı. Konstitusiya Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğunu bəyan etməklə yanaşı, insan hüquq və azadlıqlarının ali dəyər olduğunu təsbit etdi.

1995-ci il Konstitusiyası dövlət hakimiyyətinin təşkilində hakimiyyət bölgüsü prinsipini — qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətini və müstəqilliyini təmin etdi. Eyni zamanda, sənəddə hər bir Azərbaycan vətəndaşının əsas hüquqları, azadlıqları və vəzifələri beynəlxalq standartlara uyğun şəkildə dəqiq müəyyənləşdirildi.

Əsas Qanunumuz cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasında, ictimai-siyasi sabitliyin qorunmasında və iqtisadi inkişafın hüquqi bazasının yaradılmasında əvəzsiz rol oynayır.

Dinamik inkişaf edən müasir dünyada dövlət təsisatlarının təkmilləşdirilməsi və idarəetmə mexanizmlərinin optimallaşdırılması zərurəti Konstitusiyaya da zaman-zaman dəyişikliklər edilməsini tələb etmişdir.

2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq referendumları nəticəsində Konstitusiyaya edilən əlavə və dəyişikliklər ölkəmizin sosial-iqtisadi inkişaf tempinə uyğun olaraq idarəetmə sisteminin səmərəliliyinin artırılmasına, insan hüquqlarının müdafiə mexanizmlərinin daha da gücləndirilməsinə xidmət etmişdir.

12 Noyabr – Konstitusiya Günü yalnız hüquqi bayram deyil, həm də xalqımızın dövlətçilik şüurunun, qanunun aliliyinə olan hörmətinin təzahürüdür. Bu gün müstəqil Azərbaycanın suverenliyinin qorunmasında, cəmiyyətin rifahının yüksəldilməsində və gələcək nəsillərə daha güclü dövlət miras qoyulmasında Əsas Qanunumuzun rolu hər zaman yüksək qiymətləndirilir. Konstitusiyamızın aliliyini qorumaq və onun prinsiplərinə sadiq qalmaq hər bir vətəndaşın müqəddəs borcudur.

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Back to top button