
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 19” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Əliyev, 1 nömrəli İdman Liseyinin direktoru Fuad Mirzəyev və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda ölkəmizdə idmanın və təhsilin inkişafı, gənc nəslin fiziki və intellektual potensialının artırılması, sağlam həyat tərzinin təşviqi və vətənpərvərlik ruhunda tərbiyə məsələlərinin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, idman və təhsil sahələri gənclərin hərtərəfli inkişafında, onların milli-mənəvi dəyərlərə bağlı, intizamlı və vətənpərvər vətəndaşlar kimi formalaşmasında mühüm rol oynayır. İdmanın kütləviliyinin artırılması, istedadlı gənclərin aşkar olunması və onların potensialının reallaşdırılması istiqamətində görülən işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərdən irəli gələn vəzifələrin icrası çərçivəsində dövlətçilik ideologiyasının təbliği, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi və cəmiyyətin müxtəlif sahələrində çalışan partiya üzvlərinin ictimai fəallığının artırılması mühüm əhəmiyyət daşıyır.




