Əbədi Xoşbəxtliyin Zəmini: Qubadlıya Öz Sahibləri Qayıtdı

Qubadlı şəhərinin işğaldan azad edilməsindən beş il ötür. Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.
Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi: “Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub”.
2020-ci il 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad olunmasında Azərbaycan Ordusunun Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələri, Hərbi Dəniz Qüvvələrinə aid bir neçə elit bölmələri iştirak etmişdir . Rayonun azad olunmasının strateji, hərbi, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var. Bu rayonun azad edilməsi Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi. Azərbaycan Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhədini son 27 ildə ilk dəfə bərpa etdi.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub.
Qubadlının azad olunması ilə Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün möhtəşəm imkan əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu. Düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı. Qubadlı döyüşləri Silahlı Qüvvələrimizin qəsbkar Ermənistan ordusuna qarşı apardığı müharibənin məntiqi sonluğunu bir qədər də yaxınlaşdırdırdı.
Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır. İndi bütün azad edilmiş bölgələrimiz kimi Qubadlıda da böyük quruculuq işləri icra edilir. Bu da qubadlıların çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşamasına zəmin yaradır.
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.
Valeh Əmrahov,
Nizami Rayon Gənclər və İdman sektorunun əməkdaşı



