
Məktəbdə intizamlı mühitin yaradılması keyfiyyətli təhsilin əsas şərtlərindən biridir. Vahid məktəbli forması bu mühitin formalaşmasına kömək edən amillər sırasında yer alır. Müəyyən geyim qaydalarına əməl etmək şagirdlərdə məsuliyyət hissini gücləndirir və onların məktəbin daxili nizamına uyğun davranmasına şərait yaradır.
Məktəbli formasının gündəlik istifadəsi uşaqlara dərsə hazırlıqlı gəlməyin və ictimai qaydalara riayət etməyin əhəmiyyətini öyrədə bilər. Şagirdlər geyimlərinin səliqəli olmasına diqqət yetirməklə özünəqulluq və şəxsi məsuliyyət vərdişlərini də inkişaf etdirirlər.
Bununla belə, intizam yalnız geyim vasitəsilə təmin edilə bilməz. Müəllimlərin peşəkar yanaşması, məktəbdə sağlam psixoloji mühitin yaradılması, valideynlərin iştirakı və şagirdlərin hüquqlarına hörmət edilməsi daha geniş əhəmiyyət daşıyır. Məktəbli forması bu tədbirləri tamamlayan vasitə kimi qiymətləndirilməlidir.
Beləliklə, vahid məktəbli forması məktəbdə nizam-intizamın qorunmasına müəyyən töhfə verir. Əsas məqsəd şagirdlərə yalnız geyim qaydalarını deyil, eyni zamanda məsuliyyətli davranmağı, başqalarına hörmət etməyi və təhsil mühitinin qaydalarına əməl etməyi aşılamaqdır.
Famil Orucov,
YAP Nizami rayon təşkilatının fəalı



